Volkswagen Caddy modelinin beşinci nəsli debüt edib FOTO


Digərləri 28 Fev 2020 23:30:00 136 0

Volkswagen Caddy modelinin beşinci nəsli debüt edib  FOTO

Volkswagen şirkəti Almaniyanın Düsseldorf şəhərində yeni nəsil Caddy modelinin təqdimatını keçirib. Yeni model MQB modul platformasında inşa edilib, tamamilə yeni eksteryer və interyer dizaynına malik olub. Yeni platforma sayəsində Caddy müasir elektron köməkçilərə və multimedia sistemini əldə edib. Caddy modelinin Avropa bazarındakı satışlarına yaxın zamanlarda başlanacaqdır.

Son.az autograph.az-a istinadən bildirir ki, alman şirkətinin dizaynerləri modelin dizaynını hazırlayarkən təkamül yolunu seçiblər - avtomobil tanınan cizgilərini qoruyaraq, eyni zamanda tamamilə yeni görünüşə sahib olub. Caddy modelinin işıq texnikası təkmilləşdirilərək tamamilə (üst versiyalarda) işıqdiodlarından hazırlanıb. Eyi zamanda, ön və arxa fənərlər nazik formalara malik olublar. Modul platformasına keçid furqonun ölçülərini dəyişməyə imkan verib: modelin qabarit uzunluğu 4501 mm (+93 mm), eni - 1855 mm (+62 mm), hündürlüyü - 1797 mm (-25 mm), təkər bazasının genişliyi isə 2755 mm (+73 mm) təşkil edir.

Volkswagen Caddy Maxi

Baqaj bölümünün genişliyi 50 mm, girişi isə 51 mm artıb. Təkər tağları arasındakı məsafə də 60 mm artırılıb. Beləliklə,yeni Caddy, ilk dəfə olaraq avropaletləri köndələn şəkildə yükləmək imkanına malik olub. Daha iri ölçülərə malik olan Caddy Maxi modelinin təkər bazasının genişliyi 2970 mm, uzunluğu isə 4850 mm olacaqdır. Bu modifikasiyanın yük bölümünün uzunluğu 2150 mm təşkil edir.

Daha bir vacib yenilik avtomobilin 0,33-dən 0,30-a azalmış aerodinamik müqavimət əmsalıdır.. Digər vacib xəbər isə arxa asqıya aiddir - burada ressorlar yaylar ilə əvəzlənib.

volkswagen Caddy Panamericana