İnsan çimib təmiz olursa, dəstəmaz almaq nəyə lazımdır?


Digərləri 28 Fev 2020 22:45:00 113 0

İnsan çimib təmiz olursa, dəstəmaz almaq nəyə lazımdır?

Dəstəmaz almaqdakı niyyətimiz - təharətli olmaqdır. Bəs hamama gedəndə də pak oluruqsa, dəstəmaz almağa nə ehtiyac vardır ki?

Bunu qeyd etməliyik ki, bəziləri Allahın təyin etdiyi hökmlərə görə öz nəzərlərini verərək, düşüncələrini qarışdırırlar. Onlar əslində şeytanın (lən) yolunu davam etdirib, ona xidmət edirlər. Bəli, dəstəmaz almaq - təharətli olmaqdır, ancaq gigiyenik mənada təmiz olmaq demək deyildir. Dəstəmaz ruhumuzu pak edər, bədənimizi təmiz etməz. Hamama getmək insanın bütün bədənini təmizləyər, ancaq ruhunu pak etməz. Pak olmaq üçün qüsl və dəstəmaz almaq lazımdır.

Dəstəmazın, namazın, orucun, həccin... hədəfi Allaha ibadətdən başqa bir şey deyildir. Bu ibadətlər üçün İlahi qürb niyyəti etmək lazımdır.

Allahın təyin etdiyi hər bir fiqhi hökmün öz fəlsəfəsi vardır ki, bəziləri aşkardır, bəziləri gizlidir.

İnsan əgər Allah bəndəsi olmaq istəyirsə, gərək bu fiqhi hökmləri sorğu-sual etmədən yerinə yetirsin. Çünki bu qanunları Allah təyin etmişdir və insan üçün faydalı olduğu üçün təyin etmişdir. Bütün bu hökmlərin faydasını biz bilmirik. Ancaq onu bilirik ki, bu əməllərin hər biri ibadətdir. Hər kim Allah bəndəsi olmaq istəyirsə, gərək bu hökmlərə əməl etsin, nəinki onları sual altına alsın. Allahın hər bir hökmünün minlərlə hikməti vardır. Bu hikmətlərin əksər hissəsi bizdən gizlidir.