Astara və Cəlilabad Xəstəxanalarının vəziyyəti necədir?


Digərləri 28 Fev 2020 17:24:00 280 0

Astara və Cəlilabad Xəstəxanalarının vəziyyəti necədir?

Bir neçə gündür ki, Astara və Cəlilabad Rayon Mərkəzi Xəstəxanalarında yerləşdirilmiş İrandan ölkəmizə gələn vətəndaşların narazı videoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, koronavirus şübhəsi ilə sözügedən xəstəxanalarda karantin altında olan vətəndaşlar palatalarda antisanitar vəziyyətinin olduğunu, xəstələrə maska və spirt kimi ilkin tibbi ləvazimatların verilmədiyi qeyd olunub. 

Astara Rayon Mərkəzi Xəstəxanasının işçisi də narazılıqlara cavab olaraq bildirib ki, xəstəxanada maska və spirt yoxdur:

"Bizə nə maska veriblər, nə spirt. Nə verək sizə? Bizim özümüzə vermirlər. Mən Astarada 15 ildir işləyirəm, belə bir şey görməmişəm". 

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva yayılmış görüntülərlə bağlı "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, ölkə ərazisində bütün xəstəxanalar lazımi tibbi ləvazımatlarla təmin olunub:

"Bu məsələ araşdırılır. Bir daha qeyd etmək istəyirik ki, xəstəxanalarda hər hansı bir ləvazimat əskikliyi yoxdur".

Bundan başqa, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin də birgə yaydığı məlumatda İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara - tibb müəssisələrində lazımi tədbirlər görüldüyü, sözügedən rayonların mərkəzi xəstəxanalarında İnfeksion şöbələr və boksların (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdə olduğu qeyd olunub.