Vüsal Qasımlı: "Azərbaycanda maliyyə texnologiyalarının finteklərin tətbiqi imkanları genişdir"


Digərləri 27 Fev 2020 19:51:00 140 0

Vüsal Qasımlı: "Azərbaycanda maliyyə texnologiyalarının  finteklərin tətbiqi imkanları genişdir"

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı dünyada maliyyə texnologiyaları üzrə əsas trendlər və finteklərin ölkəmizdə tətbiqinin genişləndirilməsi mövzusunda suallara cavab verib.

- Dünya üzrə maliyyə texnologiyaları sahəsində cari vəziyyəti necə qiymətləndirirmək olar?

- İnkişafı dəqiqliyə, rasionallığa və çevikliyə dayanan maliyyə sektoru süni intellektin, insan resurslarının məhsuldarlığını artıran və xətaları azaldan yeni texnologiyaların tətbiqini daha çox tələb edir. Bu gün fintek sahəsində sürətli inkişaf müşahidə olunur. Əsasən ABŞ, Avropa ölkələrindən B.Britaniya, Almaniya və İsveç, Asiya ölkələrindən Çin, Yaponiya, Cənubi Koreya və Hindistan, eyni zamanda, Braziliya və Avstraliya bu inkişafın stimulyatorları rolunu oynayırlar. Belə ki, fintek sahəsinin startapları adıçəkilən ölkərin yetirmələridir. Bu sahədə "tək buynuzlu at" adlandırılan dəyəri 1 milyard dollardan artıq olan startapların sayı ən son statistik məlumatlara əsasən 67-ə çatıb. Ümumi dəyərləri 244.6 milyard dollar olan bu şirkətlərin 57%- i ABŞ-da yerləşir. Ən böyük maliyyə dəyəri olan startap isə Çinin 39.4 milyard dəyərində olan Lu.com şirkətidir. İkinci pillədə ABŞ-da yerləşən Stripe (35.3 milyard dollar) şirkəti yer alıb. 3-cü pilləni isə hər biri 10 milyard dollar dəyərində olan ABŞ-ın "Ripple" və Braziliyanın "NuBank" şirkətləri tutur. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu inkişaf durmadan davam edir. Belə ki, ötən ilin son rübündə 8, bu ilin ilk aylarında isə 3 yeni startap yaranıb. Maliyyələşmə həcmindən aslı olmayaraq startap sayına görə ilk pillədə olan sektor isə kiçik və orta sahibkarlıqdır. Təkcə ABŞ-da bu sektor üzrə 140 startap fəaliyyət göstərir.

Digər diqqət yetirilməli olan məqam maliyyə sektorunun böyük şirkətlərinin bu startaplara investisiya maraqlarının yüksək olmasıdır. Fintek startaplarına yatırdığı investiya dəyərinə görə ilk pillədə "Goldman Sachs" şirkəti durur. 13 fərqli ixtisaslaşması olan 49 startap adıçəkilən şirkət tərəfindən alınıb. 10 fərqli ixtisaslaşması olan 34 startap "Citi" şirkəti, 22 startap isə "JP Morgan" şirkəti tərəfindən maliyyələşdirilib. Lakin 2019-cu ildə ümumi olaraq bu sahəyə yatırılan investisiya həcmi son 5 ilin göstəriciləri ilə müqayisədə azalıb. Bu azalmaya yeni yaranmış (toxum və başlama səviyyəsində olan) startaplara yatırılan investisiyaların 2015-ci ildən bu günə kimi azalma tendensiyası nümayiş etdirməsi təsir edib. Belə ki, toxum və başlanğıc səviyyəsində olan startaplara yatırılan investisiya həcmi 2015-ci ildə 67% təşkil etdiyi halda, 2019-cu ildə bu göstərici 59%-a qədər azalıb. Bunun əsas səbəbi isə sektorun doyma həddinə çatmaqda olmasıdır. Sürətlə inkişaf edən texnoloji yeniliklər və təkliflər bazarda eyni həcmdə tələblə uzlaşmış və eyni sürətlə absorbsiya oluna bilmir. Bu mülahizəyə digər misal olaraq inkişaf etmiş ölkələrdə investisiya həcmlərinin artımının dayanması və hələ ki sabit qalması, inkişaf etməkdə olan ölkələrdə isə artımın davam etməsini göstərmək olar.

- Bu sahədə qlobal trendlərə nələri misal göstərmək olar?

- Ümumən maliyyə texnologiyaları sürətli şəkildə və geniş spektrdə tətbiq olunur. Əsas sahələrə ödəniş sistemləri, pul köçürmələri, şəxsi maliyyə idarəetməsi, audit və risk menecmenti, maliyyə bazarları və investisiya, eyni zamanda, daşınmaz əmlak və sığorta sahəsini göstərmək olar.

2019-cu ildə investisiyaların cəlbinə görə ilk pillədə sığorta sahəsinin fintekləri (insurtech) yer alır. Belə ki, sadəcə son rübdə bu sahəyə 1.8, bütün il ərzində isə 6.8 milyard dollar vəsait cəlb olunub. Əmlakın sığortası, tibbi sığorta, biznes sığortası sahəsində ixtisaslaşan 1 milyard dollardan çox dəyəri olan finteklər, eyni zamanda, həyat sığortası və kiçik bizneslərin sığortasını həyata keçirən digər şirkətlər müvafiq istiqamətlərdə riskləri qiymətləndirir, anderraytinq əməliyyatlarını həyata keçirir və maraqlı tərəflərin vahid platforma üzərində əlaqələndirilməsini təmin etməklə sığorta prosedurlarını daha səmərəli edir. Bu sahənin investisiya həcminə görə liderlik etməsinə gəldikdə isə, risk faktorunun olduğu müddətcə sığortaya ehtiyacın olmağa davam etməsi məhz bu sahənin trend olaraq qalması və digər sahələrlə müqayisədə daha çox investisiya cəlb etməsi halını izah edə bilər.

Digər fintek tətbiqi sahəsi olan ödəniş sistemləri və pul köçürmələri blokçeyn texnologiyalarının tətbiqi ilə daha sürətli və şəffaf şəkildə həyata keçirilir. Xüsusən "Etherium" platformasından istifadə edən böyük şirkətlər bu texnologiyanın tətbiqi ilə prosedurları sürətləndirir, əmək resurslarından istifadəni və xərcləri azaldır, eyni zamanda, yeni bazarlara girişi təmin edirlər. Belə ki, yeni texnoloji həllərin tətbiqi çox xərc tələb edən proseduralardan hesab olunan klirens (rəsmiləşdirmə) əməliyyatlarını daha səmərəli formada həyata keçirməyə imkan yaradır. Eyni zamanda, əmək resurlarının böyük və nüfuzlu şirkətlərdə baha olduğunu nəzərə alaraq, kiçik və az gəlirli bazarlardakı əməliyyatlara onların cəlb olunması məqsədəmüvafiq hesab olunmurdu. Lakin Fintekin tətbiqi artıq bu bazarlarda əməliyyatların avtomatlaşdırılmış şəkildə həyata keçirilməsini mümkün edir. Bu da şirkətin fəaliyyət spektrini və gəlirlərini artırır.

Bank sektorunda süni intellektin tətbiqi də qlobal trendlərdəndir. Risk menecmentini və anderraytinq əməliyyatlarını həyata keçirən analitik botlar, müştəri xidməti və kiçik həcmli kredit əməliyyatlarını həyata keçirən çatbotlar prosedurların daha çevik və şəffaf həyata keçirilməsinə səbəb olaraq müştəri məmnunluğunu artırır, riskləri daha obyektiv və dəqiq qiymətləndirməklə bankın fəaliyyətini genişləndirir, yeni bazarlara girişi təmin edir, insanları əvəz etməklə isə işçi qüvvəsinə ayrılan xərcləri azaldır. Bütün hallarda bankın səmərəliliyini və gəlirliliyini artırmağa xidmət edir.

Ənənəvi banklarla paralel rəqəmsal bankçılıq və elektron kredit platformaları da geniş şəkildə tətbiq olunmağa başlayır, xüsusən Asiya bazarında və Latın Amerikasında onların sayı sürətlə artmaqdadır. Ötən il Sinqapurda 26-dan çox şirkət rəqəmsal bankçılıq lisenziyası üçün müraciət edib. Bu müraciətlər arasında "ANT Financial", "Razer" və "Xiaomi" kimi texnoloji şirkətlər də var. Bu platformalar bankların fəaliyyətindən kənarda qalan mikro və KOS subyektlərinin maliyyə əlçatanlılığının artırılmasına xidmət edir. ABŞ bazarında da alternativ kreditorların yaranması bank-kredit sahəsində rəqabəti artırmağa, xidmətin isə buna uyğun olaraq daha keyfiyyətli səviyyəyə yüksəlməsinə gətirib çıxarır.

KOS subyektlərinin maliyyə və mühasibat əməliyyatlarını idarə edən texnoloji həllər də geniş tətbiq olunmağa başlayıb. Dünya bazarında şirkətin xərclərini strateji əhəmiyyətinə və şirkətin prioritetlərinə uyğun olaraq optimallaşdıran, dövriyyəsini sürətləndirən, şirkətin cari vəziyyətini qiymətləndirən, müştəri ilə əlaqələri təmin edən, ödəniş və pul köçürmələrini sürətləndirən, hətta investisiya cəlbinə ixtisaslaşmış xüsusi proqram təminatları istifadə olunur.

Real sektorda həm B2C (şirkət və müştərilər arasında əlaqələr), həm də B2B (şirkətin başqa şirkətlərlə əlaqələri) sahəsində ixtisaslaşmış texnoloji həllər tətbiq olunur. B2C əməliyyatlarından müştəri xidmətləri demək olar ki, bütünlükdə yeni texnoloji yeniliklərlə əhatə olunaraq çatbotlar vasitəsilə yerinə yetirilir. B2B əməliyyatları arasında idxal-ixrac prosedurları zamanı sənəd dövriyyəsi, vergi ödənişlərinin hesablanması və elektron formada ödənilməsi, beynəlxalq səviyyədə maliyyə tranzaksiyaların həyata keçirilməsi kimi prosedurlar süni intellekt və blokçeyn texnologiyalarının tətbiqi ilə avtomatlaşdırılıb.

Maliyyə bazarları finteklərinin qlobal trendlərinə misal olaraq mikro investisiya platformalarını, investisiya portfellərini idarə edən robo-advisorları (robot-məsləhətçilər), elektron brokerləri göstərmək olar. Süni intellektə əsaslanan mikro-investisiya platformaları və robo-advisorlar əsasən ABŞ bazarında tətbiq olunurlar. Robo-advisorlar ödənişlərin, kreditlərin və aktivlərin idarə olunmasını, investisiya istiqamətlərinin təyin olunmasını müştərinin risk tolerantlığı, gələcək planları və gəlir gözləntilərinə uyğun olaraq həyata keçirir. Günümüzün ən məşhur robot məsləhətçilərinə "Betterment" (2008-ci ildə yaranmış ilk robo-advisor) və "Wealthfront"-u nümunə olaraq göstərmək olar. Süni intellektlə işləyən, ABŞ və B. Britaniyada tətbiq olunan broker isə "Robinhood" adlanır.

Son zamanlar investisiya siyasətinin və seçimlərinin əsas meyarı qlobal trendə çevrilmiş ətraf-mühit və sosial rifaha əsaslanan idarəetmədir (ESG). Böyük şirkətlər öz investisiya portfellərinin idarə olunmasında mütləq şəkildə ESG prinsipinə əsaslanırlar. Bu meyar daha çox mənəvi xarakter daşısa da müasir dövrdə investorlar üçün hətta gəlirlilikdən daha öndə durur. Təsadüfi deyil ki, 6.9 trilyon dollar dəyərində aktivləri idarə edən böyük investisiya şirkəti "Black Rock"-un CEO-su Larry Fink ESG investisiyalara verdiyi önəmi "iqlim riski investisiya riskidir" ifadələri ilə ictimaiyyətə açıqlayıb. Bu istiqamətdə də fintek öz qatqısını verib. Belə ki, ötən il karbon emissiyasını analiz edən "Carbon Delta", ESG məlumatlarını analiz edən "SynTao Green Finance" kimi texnoloji startapları yaradılıb.

Digər günü-gündən populyarlığı artan trend "Regtech" (tənzimləmə texnologiyası) və "Suptech"dir (idarəetmə texnologiyası). İlk olaraq ABŞ və Böyük Britaniyada tətbiq olunan bu texnologiya son illər digər ölkələrdə də tətbiq olunmağa başlayıb. Yalnız 2019-cu ildə bu sahəyə yatırılan investisiyaların həcminin iki dəfədən çox artdığını görə bilərik. Monitorinq və qiymətləndirmə, audit, hüquqi normalara uyğunluq, müvafiq planların icrasına və nəticələrə nəzarət və s. xidmətləri avtomatlaşdırılmış şəkildə həyata keçirən bu yeniliyin tətbiqinin 2020-ci ildə daha da artacağı proqnozlaşdırılır.

Bir zamanlar yüksək populyarlıq qazanan kriptovalyutalara gəldikdə isə, onlar öz aktuallığını itirsələr də, bazarda kriptovalyutalarla tranzaksiyaların aparılması davam edir, eyni zamanda, onlar hələ də investisiya mənbəyi olaraq qiymətləndirilirlər. Eyni zamanda, kriptovalyutalarla aparılan tranzaksiyaların vergi ödənişlərinin müəyyənləşdirilməsi, kripto investisiya portfellərinin idarə olunması kimi funksiyaları yerinə yetirən "Zenledger" və "TAXbit", kriptovalyuta və ənənəvi maliyyə hesabları arasında körpü rolunu oynayan "VERADY" startapları da yaradılıb.

Ötən il daşınmaz əmlak bazarının finteklərinə yatırılan investisiyaların həcmi də öncəki illərlə müqayisədə artıb. Daşınmaz əmlak sahəsində məlumat bazasının idarə olunması, bazar araşdırmalarının aparılması kimi funksiyaları süni intellektə əsaslanaraq yerinə yetirən 60 milyon dollar dəyərində "Reonomy", qiymətləndirmə və anderraytinq əməliyyatlarını həyata keçirən "Cherre", mülkiyyəti avtomatik qiymətləndirən "Bowery" və digər bu kimi startaplar investorların marağını cəlb edə bilib. Bu sahədə Marketplace (qarşı tərəfləri bir araya gətirən ticarət platforması) rolunu oynayan finteklər də fəaliyyət göstərir ("PeerStreet","Roofstock", "Qualia", "States title", və s). Bu platformaların köməyi ilə daşınmaz əmlak bazarında maraqlı tərəflərin əlaqələndirilməsi daha asan və çevik, eyni zamanda, aparılan əməliyyatlar da daha sürətli və az riskli olur.

- Müəyyən yanaşmalara görə fintekin inkişafının işsizliyin artmasına təkan verdiyi iddia olunur. Bu yanaşma nə dərəcədə doğrudur?

- Kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlərin əsas prioriteti xərclərin azaldılması və gəlirlərin artırılmasıdır. Bu prinsipin tətbiqi dayanıqlılıqla müşayiət olunduqda, deməli, şirkət öz fəaliyyətini komfort zonada davam edir. Əlbəttə ki, daha az xərclə çox gəlir gətirən və stabil fəaliyyəti ilə dayanıqlılığı təmin edən süni intellektin tətbiqi insanlara ehtiyacı azaldır. Lakin realda süni intellektin tətbiqinin təsiri daha çox əmək resurslarının ixtisarı ilə deyil, yeni bazarların əhatə olunması və fəaliyyətin genişləndirilməsi ilə müşahidə olunur. Süni intellektin texniki əməliyyatları həyata keçirdiyi anda paralel olaraq insanlar daha spesifik, rasional deyil, emosional yanaşma tələb edən əməliyyatlara cəlb olunaraq texnologiya ilə tandem şəklində fəaliyyət göstərə və inkişafı daha da üst səviyyəyə apara bilərlər.

- Azərbaycanda finteklərin cari vəziyyətini necə qiymətləndirmək olar?

- Cənab Prezident İlham Əliyevin rəhbərliyilə iqtisadiyyatın innovativ inkişafı, o cümlədən rəqəmsal həllərin geniş tətbiqi təmin edilmişdir. Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi ayrı-ayrı şirkətlərin, xüsusən bankların və sığorta şirkətlərinin təşəbbüsü ilə ildən-ilə daha çox artmaqdadır. Mobil və rəqəmsal bankçılıq demək olar ki, bütün banklar tərəfindən tətbiq olunur. Süni intellektə əsaslanan proqram təminatları, müştəri xidmətlərini həyata keçirən çatbotlar da bəzi banklar (PaşaBank, RabitəBank, VTB və s) və özəl şirkətlər (Technote,) tərəfindən müştərilərin istifadəsinə verilib. Bəzi şirkətlərin onlayn kredit təminatını həyata keçirən (Azercell-in Simbrella proqramının Simkredit xidməti), mobil operatorların balansı ilə kommunal ödənişlərin ödənilməsini təmin edən texnoloji həllərini də misal göstərmək olar. Bundan başqa, şəxsi maliyyə resurslarını idarə edən "Xərclərim" və "Bankoff.co", kiçik və orta sahibkarlıq subyektlərini bir araya gətirən "Botbox", müxtəlif təyinatlı robotların hazırlanmasını həyata keçirən və tamamilə onlayn fəaliyyət göstərən "BNB Dynamics" kimi fintek startapları da yaradılıb.

Finteklərin çoxunun süni intellektə əsaslanmasını nəzərə alaraq ölkəmizdə bu sahədə cari vəziyyəti "Oxford Insights"-ın "Süni intellekt idarəetməsinə hazırlıq indeksi"nə görə də qiymətləndirmək olar. 2019-cu il hesabatına görə Azərbaycan 64-cü pillədə yer alıb. Bu göstəriciyə əsasən ölkəmiz qonşu ölkələrdən İran (72-ci yer), Gürcüstan (76-cı yer), və Ermənistandan (81-ci yer) daha öndədir. İndeksə əsasən süni intellektin tətbiqinə görə lider ölkələr isə Sinqapur, Almaniya və Böyük Britaniyadır. İndeksin qiymətləndirmə meyarları idarəetmənin mövcud vəziyyəti (qanunların və strategiyanın mövcudluğu), süni intellektin tətbiqi üçün infrastrukturun səviyyəsi, müvafiq istiqamətdə təhsil və bacarıqlar, eyni zamanda, süni intellekt sahəsində dövlət xidmətlərinə əsaslanır.

- Bu sahədə çağırış və perspektivləri nələrdir?

- Ölkəmizin sürətli inkişafa meyilliliyinin yüksək olması yeni texnoloji dəyişikliklərin daha rahat mənimsənilməsi və geniş tətbiq olunmasını təmin edir. Bu da Azərbaycanın fintek sahəsinin inkişafı baxımından böyük potensiala sahib olduğunu düşünməyə imkan verir. Hazırda mövcud finteklərin dar spektrdə olması bu bazarda bir çox istiqamətdə finteklərin yaradılması perspektivinin mövcudluğunu göstərir. Misal olaraq sığorta və daşınmaz əmlak sahələrinin fintekləri yaradıla bilər. Eyni zamanda, qlobal trend olan "regtech" və "suptech" texnologiyalarının tətbiqi də nəzərdən keçirilə bilər.