TRT Avaz kanalı Beynəlxalq Muğam Mərkəzindən birbaşa canlı efir təqdim edib


Digərləri 27 Fev 2020 20:04:00 158 0

TRT Avaz kanalı Beynəlxalq Muğam Mərkəzindən birbaşa canlı efir təqdim edib

Türkiyənin TRT Avaz kanalı Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətini əks etdirən süjet yayımlayıb. Paytaxt Bakıdan canlı olaraq birbaşa  efirə çıxan müxbir Fatih Avanos muğam sənətinin Azərbaycan xalqı üçün nə dərəcədə böyük önəm kəsb etdiyini vurğulayaraq Azərbaycanın paytaxtı Bakını bir sənət şəhəri adlandırıb. Diqqətə çatdırıb ki, paytaxt Bakıda  Azərbaycanın milli musiqisini yaşadan olduqca müasir və sənət baxımından mühüm əhəmiyyət kəsb edən bir mərkəz fəaliyyət göstərir. Bu mərkəz Xəzərin sahilində , paytaxtın ən gözəl prospektində inşa edilən Beynəlxalq Muğam Mərkəzidir. Müxbir BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov və tədqiqatçı  Gülhüseyn Kazımlıdan müsahibə alıb.

Canlı efirdə BMM-nin direktoru , Xalq artisti Murad Hüseynov  qardaş ölkə Türkiyə televiziyasına  BMM-nin fəaliyyətinə diqqət ayırdığı üçün təşəkkür edib. Mərkəzin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm bir qolunu da muğam sənəti təşkil edir. BMM Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunub. 2008-ci ildən fəaliyyətdə olan mərkəzdə mütəmadi olaraq beynəlxalq festivallar, seminarlar , müsabiqələr təşkil edilir. Bir çox ölkələrdən dünya şöhrətli musiqiçilər eləcə də etnik musiqi ifaçıları Azərbaycanlı ifaçılarla birlikdə konsert proqramları ilə eyni səhnəni bölüşüblər. Bu tədbirlərdə dünyanın bütün ölkələri ilə yanaşı qardaş Türkiyədən olan musiqiçilər də iştirak ediblər.

Gülhüseyn Kazımlı müxbirin BMM-də görkəmli muğam korifeylərinin ucaldılan büstləri ilə bağlı sualını cavablandırıb. Bildirib ki, mərkəzin binasının quruluşu Azərbaycanın qədim musiqi aləti olan tar formasındadır.

Müxbir sonda Xəzər dənizin sahilində yerləşən BMM -ni  təkcə konsert salonu deyil, həm də muğam tarixini  təbliğ edən bir mərkəz kimi səciyyələndirib. Buna nümunə olaraq mərkəzdə nümayiş olunan milli musiqi alətləri sərgisini misal çəkib. Mərkəzin  Bakının ən gözəl küçəsində yerləşməsini isə Azərbaycan dövlətinin muğam sənətinə verdiyi ən yüksək dəyər kimi qiymətləndirib.

https://www.facebook.com/watch/?v=209949316795945