Heyvanlar arasında ünsiyyətin qanunauyğunluğu tədqiq edilir


Digərləri 26 Fev 2020 07:48:00 146 0

Heyvanlar arasında ünsiyyətin qanunauyğunluğu tədqiq edilir

Fransız və italyan alimləri müəyyən ediblər ki, Afrika pinqvinlərinin (eynəkli pinqvinlər) səs siqnalları insan nitqində olan qanunlara tabedir. Daha əvvəl Britaniya alimləri şimpanzelərdə jestikulyasiyanı öyrənərkən oxşar nəticəyə gəliblər. Rusiyalı bioloqların məlumatına görə, afalinlərin səs siqnallarının quruluşu söz yaradıcılığını xatırladır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Britaniya primatoloqları 2014-cü ildə Uqandada vəhşi şimpanzeləri müşahidə edərkən onlarda 66 jest ayırıblar. Bu jestlərlə heyvanlar bir-birinə "çəkil", "bəsdir", "arxamca gəl" kimi informasiya siqnallarını ötürüblər. Meymunlar həmcinsinə nəsə "demək" üçün onun diqqətini cəlb etməyə çalışıb. Beş il sonra Roehampton universitetinin alimləri şimpanzedə 2000-dək jesti təsvir edərək belə qənaətə gəliblər ki, bu kommunikasiya sistemi də insan nitqi kimi linqvistikanın qaydalarına tabedir. Belə ki, təbii dillərdə daha qısa sözlər tez-tez işlənir - meymunlar üçün də bu və ya digər jestə üstünlük verməsi onun uzunluğundan asılı idi. Yaxud uzun dil vahidləri daha qısa elementlərdən ibarətdir. Məsələn, dillərdə söz uzun olduqca, onun təşkil olunduğu hecalar qısa olur. Meymunların mürəkkəb jesti də qısalar üzərində qurulub. Nəticədə 873 ayrıca jest müəyyən edilib, qalanları isə düzəltmə olub. Ən uzun ardıcıllıq 45 jestdən ibarət olub.

Bu yaxınlarda məlum olub ki, Cənubi Afrika Respublikası və Namibiyanın sahillərində yaşayan eynəkli pinqvinlərin vokal ünsiyyəti də linqvistika qanunlarına tabedir.

Beynəlxalq alim qrupu İtaliyanın bir neçə zooparkında 28 növ eynəkli pinqvinin 590 "mahnısını" qeydə alıb. Sonra əldə edilən nümunələr qısa (A), uzun (B) və aralıq (C) növünə ayrılıb. Daha çox A, ən az B növdən istifadə edilib.