İlk kompyuterini 6 yaşında yığan ixtiraçı Örnək FOTO


Digərləri 23 Fev 2020 23:34:00 167 0

İlk kompyuterini 6 yaşında yığan ixtiraçı  Örnək  FOTO

Ruslan Bayramov: "Amerikada İSEF beynəlxalq müsabiqəsində ölkəmizi layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

O, məktəbli alimdir. Universitetdə deyil, ümumi orta təhsil müəssisəsində yetişən gənc ixtiraçılardan biridir. İxtiraları ilə müəllimlərini, münsifləri heyrətləndirən məktəblilərdəndir. 4 yaşında başlayan kompyuter sevgisi onu ixtiraçı olmağa qədər gətirib. Hazırda ölkəmizi Amerikada beynəlxalq müsabiqədə təmsil etmək üçün hazırlaşır. 

Müsahibimiz "Sabahın alimləri" 9-cu respublika müsabiqəsinin qalibi, ABŞ-da müsabiqədə iştirak etmək üçün seçilən məktəbli Ruslan Bayramovdur.

"Əlimdən gələni edəcəyəm"

Ruslan Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdidir. "Sabahın alimləri" yarışmasına üçüncü ildir ki, qatılır və ikinci dəfə Amerikada keçirilən İSEF yarışmasında finalçı kimi ölkəmizi təmsil edəcək: "Bütün fənləri demək olar ki, eyni səviyyədə öyrənirəm. Doqquzuncu sinifdə oxuyarkən biologiya müəllimim mənə ekologiya kateqoriyasında iştirak etməyi məsləhət verdi. İştirak etdim, lakin yer tuta bilmədim. Onuncu sinifdə artıq özümün profil fənnim olan kompyuter elmləri ilə bağlı hazırlaşdım və qızıl medal qazandım. Bu il də həmin kateqoriyada iştirak edib gümüş medal qazandım. Amerikada İSEF beynəlxalq müsabiqəsində ölkəmizi layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm".

"İlk kompyuterimi atamla birlikdə yığdıq"

Bu gün ixtiraları ilə hamını təəccübləndirən "sabahın alimi"nin kompyuterlə ilk tanışlığı 4 yaşında olub: "Uşaqlıqdan bu sahəyə böyük marağım var idi. Daim kompyuterlərlə oynamaq, onu söküb, yenidən yığmaq istəyirdim. Oyundan çox məni kompyuterin işləmə mexanizmi maraqlandırırdı. İlk dəfə kompyuteri 6 yaşım olanda yığmışam və birinci proqram dilini 12 yaşımda öyrənmişəm. Kompyuterlə ilk tanışlığım ondan da əvvəl idi, 4 yaşımdan kompyuter oyunlarını oynamağı sevirdim. Daha sonra atama necə işləməsi ilə bağlı suallar verirdim. Atam mənə onun hissələrini tanımaqda və qoşmaqda kömək edirdi. Nəticədə ilk kompyuterimi atamla birlikdə yığdıq".

"Marağım qalib gəlirdi"

Adətən valideynlər 4 yaşında uşağın kompyuterlə vaxt keçirməsinə, oyun oynamasına etiraz edirlər. Həmsöhbətimiz deyir ki, onun da valideynləri Ruslana məhdudiyyətlər qoyub: "Atam kompyuter texnologiyaları sahəsində mütəxəssis deyildi. O sahə ilə maraqlanırdı, amma ixtisası tam fərqli idi. Valideynlərim gözümün zəifləməməsi üçün kompyuter qarşısında keçirdiyim vaxta məhdudiyyətlər qoyurdular. Amma marağım qalib gəlirdi. Elə ətrafdakı problemlərə baxa-baxa layihələr qururdum. Hər layihəmə fərqli reaksiyalar alırdım. Bəzilərinin layihələr xoşlarına gəlir, mənə əhsən deyirdilər, bəziləri isə nə etmək istədiyimi anlamırdı. Bu layihələrdən başqa marağımda robotiks də var. Oktyabr ayında dünyanın ən böyük robotiks yarışında - Dubay şəhərində First Global 2019-da Azərbaycan milli yığmasının kapitanı oldum. First Global dünyada keçirilən ən böyük robotiks müsabiqələrindən biridir. Orada 191 ölkədən komandalar iştirak edir. Ölkəmiz həmin yarışda 29-cu yeri qazandı. Bundan başqa, Rumıniyada və Ukraynada keçirilən beynəlxalq olimpiadalarda iştirak etdim. Robotikslə doqquzuncu sinifdə tanış oldum, məktəbimizdə bu sahə ilə bağlı dərslər keçirilir".

"Bu layihə ilə "Goldenbyte" yarışmasında 1-ci yerə layiq görüldüm"

Ruslanın bu il təqdim etdiyi layihənin məqsədi dərin öyrənmə ilə bitkilərin xəstəliklərinin robot vasitəsi ilə aşkar olunmasıdır: "Layihəmdə robot kiçik sahələrdə gəzib kamera vasitəsi ilə məlumat toplayır, sonra isə o məlumatları kompyuter vasitəsilə analiz edib bitkilərin diaqnozunu göstərir".