Koronavirus Azərbaycanın telefon bazarını silkələyir... FOTO


Digərləri 23 Fev 2020 16:25:00 170 0

Koronavirus Azərbaycanın telefon bazarını silkələyir...  FOTO

Satıcılar və ekspertlər qiymət artımının davam edəcəyini söyləyirlər...

Çindən dünyaya yayılan koronavirus dəhşəti davam edir. Hazırkı məlumatlara görə Çində koronavirusdan ölənlərin sayı 2 min nəfəri ötüb. Bu virusun yayılması təkcə insan tələfatlarına deyil, eləcə də dünyanın iqtisadi proseslərində təlatümə, ləngiməyə, bahalığa yol açır. 

Buna səbəb əksər dünyaca tanınan və böyük istehsal gücünə malik olan şirkətlərin Çinin virus yayılan ərazilərində xeyli sayda müəssisələrinin fəaliyyətlərini dondurmasıdır. Xüsusilə də iri avtomobil və texnologiya şirkətlərinin Çindəki müəssisələri son zamanlar fəaliyyətlərini dayandırıblar ki, bu barədə həm yerli, həm də xarici mətbuatda çoxsaylı məlumatlara rast gəlmək olur.

Bəs, Azərbaycan bazarında hansı məhsullar bahalaşdı? 

Çindəki koronavirus səbəbindən Azərbaycanda ilk olaraq telefon və telefon aksessuarları mağazalarında qiymətlərin artdığını müşahidə etdik. 

Son.az musavat.com-a istinadən bildirir ki, qiymət artımına daha çox kiçik mağazalar gediblər. Hansı ki, həmin mağazalar bir neçə ədəd telefon gətirib, həmin telefonları satdıqdan sonra yenilərini gətirirlər. Yəni anbarlarında çoxsaylı mal yoxdur. Bu mağazalarda telefonların qiyməti digər iri texnologiya mağazaları ilə müqayisədə ucuz olurdu. 

Mağazalarda olduğumuz zaman öyrəndik ki, hazırda onlar Çin istehsalı deyil, Hindistan istehsalı olan telefonlar gətirirlər. Bu isə onlar baha başa gəldiyi üçün qiymətlərdə 20-50 manata qədər artım ediblər. Hazırda mağazalarda daha çox bahalaşan Çin telefonu "Xiaomi Redmi Note 8 Pro" modelidir. Bu telefon modeli Çinin yeni məhsuludur və Azərbaycan bazarına qısa müddətdir ki, daxil olub. 

Ölkənin tanınan iri texnologiyalar mağazalarında da bu telefonun qiyməti artıb. Belə ki, telefonun 6 gb ram, 64 gb yaddaşı dəstəkləyən versiyası ötən həfdə Azərbaycanda 569 manata satıldığı halda, hazırda 599 manata satılır...

Mağazalarda olduğumuz zaman söhbət etdiyimiz satıcılar bildirdilər ki, yalnız Dubaydan gətirilən məhsulların qiymətində artım olmayacaq. Çindən gətirilən aksessuarlar da daxil olmaqla, telefonların qiymətində yaxın zamanda artım gözlənilir. Eyni zamanda Çində istehsal edilən "İphone" telefonlarının da qiymətində artım olacağı bildirildi. Satıcılar söylədilər ki, əllərindəki malı satdıqdan sonra yenisini hansı qiymətə alacaqlarını, haradan alacaqlarını bilmirlər. 

Buna görə də əllərindəki malı baha qiymətə satırlar. Satıcılar onu da bildirdilər ki, qiymətləri qalxan telefonlar əsasən tələbatın çox olduğu modellərdir. Çin istehsalı olub, bazarda tələbatın aşağı olduğu telefonların qiymətində artım müşahidə edilmir. Satıcılar bildirdilər ki, əgər koronavirus geniş arealda yayılarsa, qiymətlərdə artım davam edəcək. Virusun kökü kəsilərsə, şirkətlər öz fəaliyyətlərini bərpa edərsə, qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq...

Məlumat üçün onu da bildirək ki, "Apple"-ın Çindəki tərəfdaşı "Foxconn" istehsalatın ləngiməsiylə üzləşir. "Apple" açıqlayıb ki, epidemiya şirkətin yanvar-mart aylarında əldə etməyi nəzərdə tutduğu 63-67 milyard dollarlıq gəlirə çata bilməyəcək.