Bakı metrosu koronavirusa qarşı dezinfeksiya edilir


Digərləri 21 Fev 2020 18:59:00 164 0

Bakı metrosu koronavirusa qarşı dezinfeksiya edilir

Bakı Metropolitenində koronavirus ("2019-nCoV") infeksiyasına qarşı əks-epidemik tədbirlərə başlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirlər profilaktik məqsədlə insanların daha çox təmasda olduğu stansiya və qatarlarda aparılacaq.

Aparılan əks-epidemik tədbirlər infeksiyanın yoluxma mexanizmləri və yollarına qarşı yönəlmiş tədbirlərdir.

Sərnişin axınının intensivliyi, sıxlığı, müntəzəm təmas şəraiti, təbii ventilyasiyanın qeyri-intensivliyi, günəş şüalarının daxil olmaması metropolitendə ehtiyat tədbirlərinin gücləndirilməsini tələb edir.

Bu məqsədlə, "Bakı Metropoliteni" QSC xüsusi lisenziya ilə fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış xidmətlə birlikdə sanitar-gigiyenik tədbirlərin keçirilmə qaydasını, istiqamətlərini, profilaktik vasitələrin təhlükəsiz tətbiqi imkanlarını araşdıraraq, dezinfeksiya tədbirlərinə başlayıb.

Ardıcıl tədbirlərə bu gündən "Nərimanov" elektrik deposunda qatarlarda başlanılıb. İş gününün qrafikinə uyğun olaraq bütün vaqonlar mərhələli şəkildə tam həcmdə dezinfeksiya olunacaq.

Bu tədbirlər stansiyalarda gecə növbəsində təşkil ediləcək. İşlər hər bir stansiyada, ayda iki dəfə olmaqla, keçidlərdə, vestibüllərdə, platformalarda və yollarda görüləcək.

Qatarlarda və stansiyalarda görüləcək tədbirlərin də qrafiki artıq müəyyən olunub.

Bundan başqa, sərnişinlərin daha çox təmasda olduğu eskalator sürahisi, giriş-çıxış qapıları və əllə toxunula biləcək digər səthlər hər gün bir neçə dəfə dezinfektantlarla təmizlənəcək.