Saleh Məmmədov: "5 ildə 6 min kilometrdən çox avtomobil yolları tikilib"


Digərləri 21 Fev 2020 18:14:00 120 0

Saleh Məmmədov: "5 ildə 6 min kilometrdən çox avtomobil yolları tikilib"

Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, agentliyin əməkdaşları, həmçinin görkəmli oftalmoloq alim Zərifə Əliyevanın da məzarı önünə gül dəstələri qoyub.

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Peşə bayramı tədbiri AAYDA-nın inzibati binasında davam etdirilib.

Tədbiri giriş sözü ilə açan agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov ölkəmizin yol infrastrukturu sahəsində əldə edilən nailiyyətlərdən danışıb.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşımasını asanlaşdırmaq, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına səbəb olmaq məqsədi ilə son 5 il ərzində ümumi uzunluğu 6 min km-dən çox olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.