İranda seçkilər: "İslahatçılar"la "mühafizəkarlar" arasındakı sərt qarşıdurma


Dünya 21 Fev 2020 15:31:00 116 0

İranda seçkilər: "İslahatçılar"la "mühafizəkarlar" arasındakı sərt qarşıdurma

Bu gün İranda parlament seçkiləridir. Ölkənin birpalatalı "Majlese Şuraye Eslami"sindəki 290 yer uğrunda 7418 namizəd mübarizə aparırlar. Onların 290 nəfəri deputatlar, 798 nəfəri isə qadınlardır.

Eyni zamanda, bu gün İranda Ekspertlər Məclisinin ("Majlese Xobgerane Rahbari") 5-ci heyətinə aralıq seçkilər də keçirilir.

Səsvermə prosesi yerli vaxtla saat 20.00-dək davam edəcək. Lakin zərurət yaranarsa, seçki məntəqələrinin işi uzadılacaq. İlkin nəticələr sabah bəlli olacaq.

Kiçik əyalətlərdə nəticələr fevralın 22-də, iri şəhərlərdəki sonuclar isə fevralın 23-də açıqlana bilər.

İranın 83 milyonluq əhalisinin 58 milyon nəfərinin səsvermə hüququ var.

Seçici aktivliyi hələlik yüksək deyil. Məsələn, Tehranda aktivlik təxminən 22-26 faiz arasındadır. Üstəlik, Qum şəhərində iki gün əvvəl yeni koronavirus aşkarlanıb.

Bu virusa yoluxmuş 2 nəfər xəstəxanada vəfat edib. Dünənsə Qum və Ərak şəhərlərində daha 3 virusa yoluxma faktı qeydə alınıb.

Seçkilərə gəldikdə isə, ərəfədəki olaylar maraqlı idi. Ayətulla Cənnətinin rəhbərlik etdiyi Konstitusiya Mühafizləri Şurası qeydiyyata alınmaq istəyən və "islahatçı" düşərgənin lideri prezident Həsən Ruhanini dəstəkləyən düşərgəyə mənsub olan namizədlərin 75 faizinə "olmaz" cavabı vermişdi.

Bu isə parlamentin 11-ci çağırış heyətinə seçkilərdə müxaliflərin, yəni mühafizəkarların şanslarını dəfələrlə artırıb.

Məsələn, 2005-2017-ci illərdə sabiq polis şefi, paytaxt Tehranın meri olmuş Məhəmməd Bağır Qalibafın tərəfdarlarından ibarət olan mühafizəkarlar Tehranda siyasi baxımdan ən önəmli olan 30 dairədə qalib gələ bilərlər.

İrandakı parlament seçkilərinin gedişatını əslində 2018-ci ilin mayında ABŞ prezidenti Donald Tramp dəyişmişdi. Onun göstərişi ilə ABŞ-ın İranın nüvə proqramı ilə bağlı "Altılıq" qrupunu tərk etməsi İranda "mühafizəkarlar"ın mövqelərini xeyli gücləndirmişdi.

Onu da xatırlatmaqda fayda var ki, Həsən Ruhani prezident seçiləndən sonra "İslam İnqilabı Keşikçiləri Korpusu"nun ("Pəsdəran") funksionerlərini ölkədə aparılan liberal islahatlar çərçivəsində iqtisadiyyatın bir sıra sektorlarından kənarlaşdırmışdı.