SOCAR və Sumqayıt Texnoloqiyalar Parkı birgə müəssisəsi yaradılıb


Digərləri 19 Fev 2020 18:25:00 193 0

SOCAR və Sumqayıt Texnoloqiyalar Parkı birgə müəssisəsi yaradılıb

SOCAR və Sumqayıt Texnologiyalar Parkı (STP) arasında birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanıb.

SOCAR-dan Son.az-a verilən məlumata görə, ''SOCAR-STP'' adlanan yeni birgə müəssisə MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə edəcəkdir. SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə keçirilmiş mərasimdə müqaviləni STP-nin baş direktoru Emin Məmmədov və SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov imzalayıblar.

Birgə müssisənin yaradılması Azərbaycanın qlobal brendi olan SOCAR və ölkənin ən iri sənaye komplekslərindən Sumqayıt Texnologiyalar Parkı arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təminatı üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədini daşıyır. Birgə müəssisə beynəlxalq standartlara cavab verən yerli istehsal gücünü artırmağı, MDB miqyasında və hətta daha geniş miqyasda neft-qaz-mədən avadanlıqları və texnologiyalara dair xidmətlər təklif edən aparıcı və rəqabətədavamlı şirkətə çevrilməyi hədəfləyir.

Yeni birgə müəssisənin əsas gücü hazırki bazar tələblərinə uyğun olan peşəkar və təcrübəli texniki heyətin, sənaye səriştəliklərinin və müasir avadanlığın bir yerdə cəmləşdirilməsidir.

''SOCAR-STP''-nin əsas fəaliyyəti qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarət olacaqdır.