Pozuntulara yol verən 130dan çox bələdiyyə sədrinin


Digərləri 15 Fev 2020 08:59:00 132 0

Pozuntulara yol verən 130dan çox bələdiyyə sədrinin

Müstəqil respublikamız ulu öndər Heydər Əliyevin müəyyən etdiyi tərəqqi yolu ilə gedərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və möhkəmlənir, iqtisadiyyatımızın güclənməsinə, xalqımızın sosial rifahının yüksəlməsinə, dövlət idarəçiliyinin təkmilləşməsinə xidmət edən mütərəqqi islahatlar aparılır.

Ölkəmizin hərtərəfli inkişafı çərçivəsində ədliyyə və məhkəmə sistemi də dövlət başçısının tapşırıqlarına uyğun müasirləşir.

Son.az Trend-ə istinadən bildirir ki, fevralın 14-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclası keçirilib.

Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda çıxış edən nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi sahədə qazandığı mühüm nailiyyətləri qeyd edib, fevralın 9-da azad, ədalətli və şəffaf şəraitdə keçirilmiş parlament seçkilərinin xalqımızın gələcək inkişaf kursu ətrafında həmrəyliyinin təzahürü olduğunu vurğulayıb.

Bildirib ki, ötən il ədliyyə və məhkəmə-hüquq sistemi üçün dərin islahatlar ili kimi yadda qalıb. Ölkə başçısının 2018-ci ilin dekabrında təsdiq etdiyi "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üzrə Dövlət Proqramı", "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm yol xəritəsi olmaqla, islahatların müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına rəvac verib. Müstəsna əhəmiyyət kəsb edən Dövlət Proqramının və Fərmanın icrası çərçivəsində 2019-cu ildə xeyli iş görülüb.

Kollegiyada dövlət başçısının tapşırıqlarına uyğun olaraq həyata keçirilən islahatlar, ədliyyə fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə görülən tədbirlər ətraflı təhlil olunub, cari ildə qarşıda duran vəzifələr müzakirə edilib.

Məlumat verilib ki, Azərbaycan Prezidentinin iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, insanların sosial təminatının yaxşılaşdırılması və dövlət idarəetmə mexanizmlərinin yeni çağırışlara uyğun təkmilləşdirilməsi barədə tapşırıqlarına əsasən 2019-cu ildə nazirlik tərəfindən əvvəlki illə müqayisədə 30 faiz çox - 2300-dək normativ hüquqi akt layihəsi hazırlanıb, 3800-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan Hüquqi Aktların Dövlət Reyestrinin saytına (www.huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasına (www.e-qanun.az), ümumilikdə, 4800-dən çox sənəd daxil edilib. İnsanların böyük marağının nəticəsidir ki, həmin elektron resurslara başçəkmələrin sayı il ərzində 50 faizdən çox artaraq 2 milyona çatıb.

Ədliyyə fəaliyyəti barədə insanların geniş məlumatlandırılması, şəffaflığın artırılması, məqsədilə nazirlik tərəfindən idarə edilən 11 internet saytın interaktiv rejimdə fəaliyyəti təmin olunub, vətəndaşlara göstərilən 31 elektron xidmətdən istifadənin sayı 3 milyonu ötüb. "Elektron hökumət" portalında ən çox istifadə olunan 10 elektron xidmətdən 2-si nazirliyin "Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması" və "Fərdi identifikasiya nömrəsi barədə məlumatın əldə edilməsi" ilə bağlı e-xidmətləridir.

Dövlətimizin başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 18 minə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

İqtisadi proseslərin və hüquq münasibətlərinin tənzimlənməsində mühüm rol oynayan notariat institutunun yeni çağırışlara uyğun təkmilləşdirilməsi üzrə tədbirlər görülüb, ölkəmizdə ilk dəfə olaraq notariusların müstəqil özünüidarə orqanı olan Notariat Palatası yaradılaraq fəaliyyətə başlayıb.

2019-cu ildə ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat ofislərində əvvəlki illə müqayisədə 21 faiz çox - 5,3 milyondan artıq notariat hərəkəti rəsmiləşdirilib, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 327 minə yaxın əməliyyat aparılıb. Bu əməliyyatlarla bağlı 10 milyon manatdan artıq vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 53 milyon manatdan çox vergi dövlət büdcəsinə köçürülüb.

"ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumları tərəfindən rəsmiləşdirilən əməliyyatlar 2019-cu ildə bu mərkəzlərdə verilmiş hazır sənədlərin 45 faizini təşkil edib.

İnnovasiyaların tətbiqi, vətəndaş məmnunluğunun artırılması məqsədilə ədliyyə sahəsində məsafədən xidmət göstərən elektron ədliyyə köşkünün, "Mobil notariat"ın funksionallığı artırılıb, o cümlədən nəqliyyat vasitələrinə dair etibarnamələrin fasiləsiz rejimdə elektron rəsmiləşdirilməsi xidməti istifadəyə verilib. Qeyd olunub ki, vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 2019-cu ildə 200-dən çox qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 70-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4600-ə yaxın, mətbu nəşrlərin sayı isə təxminən 5300 təşkil edir.

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər davam etdirilərək ötən il 485 min icra sənədinin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 1,74 milyard manata yaxın, vergi borcları ilə bağlı dövlət büdcəsinə isə 14,3 milyon manat vəsait ödətdirilib.

Azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası diqqətdə saxlanılaraq azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 2400-dən çox şəxsə elektron qolbaq tətbiq edilib, cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 2,5 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.