Rusiyanın silah istehsal edən şirkəti Ermənistan telekanalını məhkəməyə verir


Dünya 13 Fev 2020 13:00:59 154 0

Rusiyanın silah istehsal edən şirkəti Ermənistan telekanalını məhkəməyə verir

Rusiyanın silah istehsalçısı Ermənistan telekanalını məhkəməyə vermək fikrindədir

Rusiyanın ORSİS markalı tüfəng istehsal edən “Promtexnologiya” şirkəti Ermənistan İctimai Televiziyası tərəfindən yayılmış xəbərin təkzib olunması üçün məhkəməyə müraciət edəcək.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

Qeyd edək ki, fevralın 10-da İctimai Televiziyasının yayımladığı verilişdə Ermənistan Müdafiə Nazirliyinə hərbi nişangahlar yerinə ov nişangahların satıldığına dair cinayət işinin Xüsusi İstintaq Xidməti tərəfindən araşdırıldığı açıqlanmışdı. Bu xəbər dünən Baş Qərargah tərəfindən təkzib edilərək ölkənin Rusiya ilə münasibətlərinə “kölgə salmaq istəyən” bəzi qüvvələrin olduğu bildirilib.

Rusiya şirkətinin məsələyə dair açıqlamasında isə deyilir:“Ermənistanın bir sıra KİV-i, o cümlədən bəzi telekanalların hallandırdığı məhsulları təklif etməmişik. Məxfilik haqqında mövcud sazişlərə, Ermənistanın dövlət sirrinə hörmət etdiyindən şirkətimiz məhsullarına dair məlumatları açıqlaya bilməz. Ermənistanın bəzi KİV-ləri tərəfindən irəli sürülən bu kimi fərziyyələrə dair məsələlər həmin KİV-lərin fəaliyyətində korrupsiya əlamətlərinin olub-olmamasını araşdırmaq üçün bütün mümkün vasitələr cəlb olunmaqla məhkəmə qaydasında həllini tapacaq”.