NBA Azərbaycan Yeniyetmələr Liqasının təqdimatı olub (FOTO)


Digərləri 29 Yan 2020 23:40:12 157 0

NBA Azərbaycan Yeniyetmələr Liqasının təqdimatı olub (FOTO)

Yanvarın 29-da Amerika Milli Basketbol Assosiasiyasının (NBA) və Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə Azərbaycanda 12-14 yaşlı məktəbli oğlanlar və qızların mübarizə aparacağı NBA Azərbaycan Yeniyetmələr Liqasının təqdimatı olub

Bakı. Elçin Mehdiyev – Yanvarın 29-da Amerika Milli Basketbol Assosiasiyasının (NBA) və Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə Azərbaycanda 12-14 yaşlı məktəbli oğlanlar və qızların mübarizə aparacağı NBA Azərbaycan Yeniyetmələr Liqasının təqdimatı olub. Trend-in məlumatına görə, tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, dünyada böyük populyarlıq qazanan, milyonlarla insanın azarkeşi olduğu NBA Liqası Azərbaycan Basketbol Federasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb. O bildirib ki, bu müqavilə Azərbaycan idmanı üçün önəmli hadisələrdən biridir: “Artıq bu yarış Azərbaycandadır. Bu, bizi çox sevindirir. Bu ad altında bizim də oğlan və qızlarımız çıxış edəcəklər. Bu gün Azərbaycanda idmanın mövcud maddi-texniki bazası bizə imkan verir ki, ölkəmizdə basketbolu da inkişaf etdirək. Bu mənada, ölkədə bütün idman komplekslərinin qapıları basketbola açıq olacaq”. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu addım gələcəkdə Azərbaycan məktəblərinin hər birində basketbol komandalarının yaranmasına səbəb olacaq. O vurğulayıb ki, hazırda şagirdlər arasında basketbola maraq əsasən paytaxt məktəblərindədir: “Amma yeniyetmələr liqasının yaradılması sayəsində yaxın bir il ərzində regionlarda da bu idman növünün kütləviləşməsinin artacaq”. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə futbol, atletika, tennis və basketbol kimi dünyaca məşhur idman növlərinin Azərbaycanda da inkişafının vacibliyini vurğulayıb: “Hazırda ölkəmizdə basketbolun inkişafına fürsət yaranıb. Hər birimiz öz bacardığımız qədər bu işə dəstək verməliyik ki, Azərbaycanda ən azı 30 yaxşı basketbolçu yetişsin. Milli Olimpiya Komitəsi də bu layihəni həyata keçirmək üçün dəstək olacaq. İnanıram ki, ən qısa zamanda bu layihənin müsbət nəticələrinin şahidi olacağıq”.