İstanbulun ən qədim qalası FOTOSESSİYA


Digərləri 26 Yan 2020 21:59:00 162 0

İstanbulun ən qədim qalası  FOTOSESSİYA

İstanbulun ən qədim tarixi abidələrindən biri də yaşı 900 ildən çox olan Qız qalasıdır.

Son.az bildirir ki, AZƏRTAC-ın xüsusi müxbiri bu günlərdə Bosfor Boğazında yerləşən qalada olub.

Onun hazırladığı fotosessiya bu nadir tarixi abidənin özəllikləri barədə əyani təsəvvür yaradır.

Əsrlərboyu fərqli məqsədlər üçün istifadə edilmiş qala haqqında bir çox rəvayətlər dolaşır. Tarixçilər qalanın yerləşdiyi ərazi haqqında ilk məlumatın eramızdan əvvəl 400-cü ildə qeydə alındığını bildirirlər.

Tarixi mənbələrə əsasən, o zaman dəniz ticarətində istifadə edilməsi məqsədilə Afinalı komandir Alkibiades tərəfindən burada kiçik bir abidə inşa edilir. Əsrlər sonra, təxminən 1110-cu ildə isə bu adada Roma İmperatoru Manuel Komnenos tərəfindən ilk qala ucaldılır. Tarixçilərin fikrincə, İmperator Manuelin bu qalanı inşa etməkdə iki məqsədi var idi: Boğazı idarə etmək və ticarət gəmilərindən vergi almaq. Bunu dəstəkləmək üçün də qala ilə Avropa sahilləri arasında qalın bir zəncir çəkilir və zəncirin batmaması üçün onlarla dirək istifadə edilir. Lakin bu abidə zəncirin ağırlığına tab gətirməyib dağılır.

İstanbulun fəthindən sonra isə Fateh Sultan Məhmətin əmri ilə bu ərazidə yeni qala inşa edilir və bura toplar yerləşdirilir. Lakin, qala 1509-cu ildə İstanbulda baş vermiş, "Kiçik qiyamət" adlandırılan zəlzələdən sonra ciddi zərər görür və o dövrün tanınmış memarı olan Hayrettin tərəfindən bərpa edilir. Bundan təxminən 200 il sonra qala mayak olaraq istifadə edilir. Sonralar qala yanır və bu dəfə yenidən daşla tikilir.