Mingəçevirdəki silahlı insidentə görə daha 2 nəfər həbs edilib


Digərləri 24 Yan 2020 12:35:00 120 0

Mingəçevirdəki silahlı insidentə görə daha 2 nəfər həbs edilib

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bakı. Xəbər verildiyi kimi, yanvarın 20-də Mingəçevir şəhər sakini Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, eləcə də iş üzrə digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aparılmış istintaqla, qeyd edilən tarixdə saat 18 radələrində Mingəçevir şəhər sakini Elsevər Quliyevin qohumu Firdovsi Qasımov ilə birlikdə sonuncunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə ilə əvvəllər aralarında baş vermiş münaqişə ilə əlaqədar Ziyad Mirzəyevdən qisas almaq məqsədilə sonuncunun sərnişini olduğu “VAZ 2107” markalı avtomobilin qarşısını kəsərək avtomobildən düşüb üzərində gəzdirdiyi odlu silahdan 2 dəfə atəş açaraq onu yaralamasına, Ziyad Mirzəyev avtomobildən düşüb qaçarkən Elsevər Quliyevin ona doğru üçüncü dəfə atəş açmasına, lakin yaranmış səs-küylə bağlı ətrafa xeyli adamın toplaşması səbəbindən cinayətkar niyyətini başa çatdıra bilmədən gəldiyi avtomobillə hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib. Həmçinin təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə E.Quliyevlə qabaqcadan əlbir olan və Z.Mirzəyevi izləyərək onun yeri barədə E.Quliyevə məlumat verən digər qohumu Ülvi İsmayılovun hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində yaralanan və hadisə yerindən qaçan Z.Mirzəyevi öldürmək məqsədi ilə üzərində gəzdirdiyi baltanı götürüb onu təqib etməsinə, Z.Mirzəyevin yaşayış binalarının arasında gözdən itməsi və yaranmış əlverişsiz şəraitlə əlaqədar öz cinayətkar niyyətini başa çatdıra bilmədən hadisə yerindən uzaqlaşmasına şübhələr üçün əsaslar müəyyən edilib. Bundan başqa, istintaqla E.Quliyev və Ü.İsmayılovun qabaqcadan əlbir olaraq törətmiş olduqları xüsusilə ağır cinayətin qohumları Nahid Həsənov və Firdovsi Qasımov tərəfindən bilərəkdən gizlədilməsinə əsaslı şübhələr müəyyən edilib.