Sakinlər Gəncə prospektindəki tikintidən narazıdır


Digərləri 24 Yan 2020 11:24:00 142 0

Sakinlər Gəncə prospektindəki tikintidən narazıdır

Xətai rayonu Gəncə prospekti 2942A ünvanında, "Şəms" şadlıq evinin arxasında prospektə çıxışı olmayan və 269 saylı məktəbin önündə inşa edilməsinə hazırlıq görülən tikinti ilə bağlı şikayət daxil olub.

Son.az xəbər verir ki, sakinlər Axar.az-a bildiriblər ki, ərazidə 4-5 yaşayış binası olmasına baxmayaraq, heç birinin həyəti yoxdur və indi də ərazidəki yeganə kiçik boş sahədə yeni tikinti işlərinin hazırlığına başlanılıb.

Sakinlər yeni tikilinin ərazidəki sıxlığı dözülməz edəcəyi, maşınların hərəkətini bağlayacağı, məktəbin yolunu kəsəcəyi və yaşamağı imkansız edəcəyini iddia edirlər.

"Hazırda ərazidə olan binaların kiçik həyətlərində maşın saxlamaq mümkün olmur, uşaqların oynaması üçün heç bir şərait də yoxdur. Bu kiçik boş ərazinin digər tərəfində də 6-7 bina artıq tamamlanmaq üzrədir və orada yaşayış başlayandan, sakinlər köçəndən sonra onsuz da yüklü olan ərazi bir az da ağırlaşacaq.

Belə bir məqamda prospektə birbaşa çıxışı və həyəti olmayan daha bir binanın bu binaların arasında tikilməsi havasızlıq yaradacaq, sıxlığı dözülməz həddə çatdıracaq", - sakinlər bildirib.

Sakinlər qeyd edib ki, ərazidəki sıxlıq səbəbindən bir müddət öncə baş verən yanğın zamanı FHN-in yanğınsöndürən maşını həyətə girə bilməyib:

"Yanğın getməsinə baxmayaraq, həyət o qədər kiçikdir və maşınlar elə sıx park olunmuşdu ki, yanğınsöndürən maşın yarım saata yaxın müddətdə yanğın baş verən əraziyə yaxınlaşa bilmədi. İndi daha bir bina tikilərsə və ora sakinlər köçərsə, yanğın, təcili yardım maşınları ümumiyyətlə məhləyə girə bilməyəcək".