Ötən il 50-yə yaxın məhkəmədə monitorinqlər aparılıb (FOTO)


Digərləri 23 Yan 2020 23:25:00 139 0

Ötən il 50-yə yaxın məhkəmədə monitorinqlər aparılıb (FOTO)

Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafı baxımından mühüm "yol xəritəsi"dir və onun icrası üzrə ardıcıl tədbirlər görülür

Bakı. Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafı baxımından mühüm "yol xəritəsi"dir və onun icrası üzrə ardıcıl tədbirlər görülür. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ötən dövrdə Fərmanın icrası çərçivəsində yeni ixtisaslaşmış məhkəmələrin təşkili, cəza siyasətinin humanistləşdirilməsi, mülki prosessual qanunvericiliyin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə qərarlarının icrası və məhkəmə ekspertizası fəaliyyətinin yaxşılaşdırılması, habelə onların alternativ mexanizmlərinin, o cümlədən özəl icra və ekspertiza qurumlarının yaradılması və digər məsələlərlə bağlı 40-dək normativ aktın layihələri hazırlanıb. Artıq dövlət başçısının qanunvericilik təşəbbüsü ilə bir sıra yeni qanunlar qəbul olunub. Həmçinin hakimlərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilib, məhkəmə fəaliyyətinin təminatı yaxşılaşdırılıb. Hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilələrin qarşısının alınması və sair üzrə mühüm işlər görülüb. O cümlədən məhkəmələrdə nizam-intizamın gücləndirilməsi ilə bağlı yoxlamalar və monitorinqlər intensivləşdirilib, bu məqsədlə Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” və monitorinq sektorlar yaradılıb. Ötən müddətdə 50-ə yaxın məhkəmədə monitorinqlər aparılıb, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, digər tədbirlər görülüb. Dövlət başçısının Fərmanı ilə artırılmış 200 hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə namizədlərin davamlı və daha çevik seçimi aparılır. Artıq imtahanlarda uğur qazanmış 200-ə yaxın hüquqşünas müsabiqənin növbəti mərhələlərində iştirak edir. Bundan əlavə, iqtisadiyyatın inkişafında vacib rol oynayan sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə yeni regional kommersiya, habelə inzibati məhkəmələr yaradılıb. Onların işinin təşkili üzrə əməli tədbirlər görülüb, o cümlədən ərazi yurisdiksiyası, hakim və aparat işçilərinin ştat sayı müəyyənləşdirilib, infrastruktur məsələləri həll olunub, zəruri avadanlıqla təmin edilib. Cari ilin əvvəlindən fəaliyyətə başlayan həmin məhkəmələrə dövlət başçısının 2019-cu il 30 dekabr tarixli sərəncamları ilə yüksək nəzəri və praktiki hazırlığa malik, təcrübəli hakimlər təyin olunublar.