"Hər bir övlad öz ailəsinin təbliğatçısı, güzgüsüdür" Mənim balam FOTO


Şou-biznes 22 Yan 2020 07:35:00 157 0

"Hər bir övlad öz ailəsinin təbliğatçısı, güzgüsüdür"  Mənim balam  FOTO

Elgün Hüseynov: "Oğul atası ilə çox zaman keçirdikdə, onda kişi xarakterli formalaşır"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Ata olduqdan sonra həyatında bir çox şey dəyişib. Valideyn olmağı həm məsuliyyətli, həm də gözəl bir missiya kimi qiymətləndirir. Deyir ki, övlad sahibi olmaq şərəfli və bir o qədər də müqəddəs bir missiyadır. 4 yaşlı oğlu Ümidi şəxsiyyət kimi yetişdirmək, cəmiyyətə yararlı bir övlad kimi görmək arzusu ilə yaşayır. 

Beləliklə müsahibimiz, Araz FM radiosunun aparıcısı, aktyor, ifaçı Elgün Hüseynovdur. "Mənim balam" rubrikamızın qonağı olan aktyor övlad böyüdərkən onun ürəkli, cəsarətli və ən əsası, qorxmaz, kişi xarakterli yetişməsində daha maraqlı olduğunu bildirdi. 

- Övlad yetişdirərkən nəyə daha çox önəm verirsiniz?

- Mənə görə, hər şeydən önəmli onun sağlam mühitdə, sağlam həyat tərzi ilə böyüməsidir. Oğlumun 4 yaşı var, hazırda bağçaya gedir. Yaşının az olmasına baxmayaraq, hesab edirəm ki, uşağın xarakteri elə körpəlikdən, bu yaşlarından formalaşmağa başlayır. Buna görə də oğlumun sözün əsil mənasında bir şəxsiyyət kimi formalaşması üçün çalışıram. Hər bir övlad ailəsinin bir növ təbliğatçısı, güzgüsüdür. Ümid bir az hiperaktiv uşaqdır, enerjisi çoxdur və enerjisini xərcləməyə yer axtardığı üçün dəcəllik də edir.    - Ata olduqdan sonra həyatınızda nələr dəyişdi?

- Həyat rejimim, həyata baxışım dəyişdi, məsuliyyətim daha da artdı. Əgər həmin günə qədər özüm üçün yaşayırdımsa, o, dünyaya gəldikdən sonra artıq Ümid üçün yaşamağa başladım. O, dünyaya gələnə qədər etdiyim hərəkətlərdə ilk növbədə özümü, ailəmi düşünürdüm. Ümiddən sonra isə daha çox onun gələcəyini və həyatını düşünməyə başladım. Bunun özü böyük dəyişiklik idi.

- Oğlunuz sizi radiodan dinləyəndə, efirdə görəndə, hansı reaksiyanı verir?

- Çox sevinir, hətta radioya gəlməyə can atır. Onun radioya böyük marağı var. Bir dəfə ad gününə gedəndə, əlinə mikrofonu aldı və danışmağa başladı. Zalda əyləşənlərə "axşamınız xeyir" dedi və başladı onlarla söhbət etməyə. Neçə ki mən tədbirlərdə açılışlar edir, qonaqları salamlayıram, onun kimi hərəkət etməyə çalışdı. Görürəm ki, artıq Ümiddə də məclisi ələ almaq, idarə etmək istəyi formalaşır.   - Oğlunuzun sənətinizi davam etdirməsini istəyirsinizmi?

- Heç də əleyhinə deyiləm. Zamanı gələndə, özü seçim edəcək. Ancaq mənim fikrimə qaldıqda, çox istəyərdim ki, özünü  fərqli sahələrdə sınasın.    - Oğlunuzun adını siz qoymusunuz?

- Övladım olacağını biləndə, dedim ki, adını Raul qoyacağam. Elə oldu ki, həmin ərəfələrdə "O səs Türkiyə" yarışlarına qatılmaq üçün İstanbula getdim. Orada bir valideyn övladını Ümid deyə səslədi və bu ad məni özünə çəkdi. Övladım dünyaya gələndə, ona Ümid adını verdik. Əslində valideynlərin öz adını övlada qoymasının tərəfdarı deyiləm. Çünki uşağı tərbiyələndirəndə bəzi sözlərdən, ifadələrdən istifadə edirik.

- Övladınızla nə qədər zaman keçirirsiniz?

- Bacardığım qədər onunla çox zaman keçirməyə çalışıram. Amma istəyimlə işim üst-üstə düşmür. Belə ki, işimlə əlaqədar radioya, çəkilişlərə gedirəm, bəzən el şənliklərində oluram və çox zaman sərf etmiş oluram. Bacardığım qədər yerdə qalan zamanımı Ümidə həsr edirəm. 

- Tərbiyə metodikanızda dədə-baba üsulundan istifadə edirsinizmi? - Əlbəttə ki, valideynlərimizdən gördüyümüz tərbiyə metodlarından da istifadə edirik. Mən uşağa səs tonunun qaldırılmasının tərəfdarı deyiləm. Ona hər şeyin izah olunaraq başa salınmasının tərəfdarıyam.

- Bəs övladınızı cəzalandırarkən hansı üsuldan istifadə edirsiniz?

- Mən uşağa əl qaldırmağın əleyhinəyəm. Döyməklə uşaq tərbiyələndirilməz. Düzdür, indiki uşaqlar bir az fərqlidirlər. Biz tamamilə fərqli ab-havada böyümüşük. Müəyyən bir yaşa qədər uşağı sıxmağın tərəfdarı deyiləm, ta ki, uşağın həyatı formalaşsın, özünü dərk etsin. Yaşadıqca, həyat ona hər şeyi öyrədəcək. Bunun üçün uşağa sərt cəzalar tətbiq etmək düzgün deyil. Yeri gələndə, uşaq vaxtı məni cəzalandırmaq üçün döyüblər. Mən isə Ümidi cəzalandırmaq üçün onu sevdiyi şeylərdən məhrum edirəm. Misal üçün, sevimli əşyasından, oyuncağından. Özü başa düşməyənə qədər oynamasına icazə vermirəm. Valideynlərim uşaq yaşımda məni cəzalandırmaq üçün döymək üsuluna üstünlük verirdilər və bu məndə az da olsa travma yaradıb. Uşaqlığımın bu hissəsini xoş xatirə kimi yada salmıram. İndiki uşaqlar isə daha həssasdırlar. 

- Uşaqlığınızın keçdiyi o zamanla indiki zaman da bir deyil.