2020ci il üçün “Cənub Qaz Dəhlizi” üzrə investisiya planları açıqlanıb


Digərləri 21 Yan 2020 11:15:00 137 0

2020ci il üçün “Cənub Qaz Dəhlizi” üzrə investisiya planları açıqlanıb

2020-ci ildə Azərbaycanın "Cənub Qaz Dəhlizi" QSC-nin "Cənub Qaz Dəhlizi" layihəsinə investisiyalar üzrə proqnozu təxminən 181 milyon dollara bərabərdir.

Son.az bildirir ki, bunu Trend-ə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəisi İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, bu günədək "Cənub Qaz Dəhlizi" QSC layihələrdən alınan gəlirlərdən, nizamnamə kapitalından və borc vəsaitlərindən istifadə etməklə "Cənub Qaz Dəhlizi"nə 9,9 milyard dollar investisiya qoyub.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" "Şahdəniz 2" yatağından hasil olunan Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəmərləri infrastrukturunun yaradılmasını nəzərdə tutur.

Qeyd edək ki, 2019-cu il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Cənub Qaz Dəhlizinə "Şahdəniz-2" qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik "Şahdəniz" Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.