“Şifahi ənənəli Azərbaycan musiqisi” kitabının təqdimatı keçirilib (FOTO)


Digərləri 20 Yan 2020 12:19:23 137 0

“Şifahi ənənəli Azərbaycan musiqisi” kitabının təqdimatı keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə AMEA Folklor İnstitutunun Şifahi ənənəli Azərbaycan musiqisi” (I və II cildlər) kitabının təqdimatı olub.

Bakı. Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə AMEA Folklor İnstitutunun Şifahi ənənəli Azərbaycan musiqisi” (I və II cildlər) kitabının təqdimatı olub. Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq kitabın əhəmiyyətindən söz açıb. Bildirib ki, şifahi ənənəli Azərbaycan musiqisi və rəqslərinə həsr olunmuş bu kitabda toplanan nümunələr təkcə Şimali Azərbaycan ərazisi ilə məhdudlaşmır: “Çalışmışıq ki, kitaba daxil edilən unudulmuş nümunələr - xalq sənəti və mədəniyyət nümunələri həm də Cənubi Azərbaycan, Dağıstan, hətta İraq türkmənlərının yaşadıqları müxtəlif coğrafiyalardan olsun. Nəticədə unudulmuş xalq musiqisi və rəqslərinin toplandığı belə bir dəyərli kitab işıq üzü görüb. “Şifahi ənənəli Azərbaycan musiqisi” kitabının I cildi “Təsniflər və mahnılar”, II cildi isə “Rəqslər” adlanır. Direktor həmçinin diqqətə çatdırıb ki, Folklor İnstitutunun Mədəniyyət Nazirliyi, Aşiqlar Birliyi ilə yaxın əlaqələri var. Habelə son illər Beynəlxalq Muğam Mərkəzi ilə sıx əlaqələrimizi xüsusi olaraq qeyd etmək istəyirəm. Beynəlxalq Muğam Mərkəzi ilə birgə müntəzəm olaraq bir çox silsilə tədbirləri keçirərək bu əlaqələrin daha da möhkəmləndirilməsinə nail olduq. Bundan məmnunluq hissi duyuruq. Folklor İnstitutunun kollektivi adından bu əlaqələrin möhkəmlənməsində mühüm rolu olan Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynova təşəkkürümü bildirirəm. Folklor İnsitutunun “Musiqi folkloru” şöbəsinin müdiri Nailə Rəhimbəyli çıxış edərək bildirib ki, Azərbaycan xalq musiqisinin toplanılması və nota salınması son dövrlərdə aktual bir məsələ kimi hər zaman diqqət mərkəzində olub. Bu gün biz xalq musiqisinə, muğama göstərilən dövlət qayğısını, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqətini həmişə hiss edirik. Məhz bu diqqət və qayğıya görə N.Rəhimbəyli dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.