Kiçik dağ kəndində dərs deyən müəllimin böyük arzusu FOTO


Digərləri 20 Yan 2020 03:30:00 138 0

Kiçik dağ kəndində dərs deyən müəllimin böyük arzusu  FOTO

Günel Hümmətova: "Bir cavaba görə, uşağa ürəklə deyilən "afərin" çox yaxşı nəticə göstərir"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Müəllim olmağı arzulayır və bu sahədə təhsil alır. Ancaq sonra "bacarmayacağam" kimi tərəddüdlərə qapılır və 5 il başqa sektorda çalışır. Sonra müəllim kimi çalışmaq qərarı verir. İlk iş yeri isə ucqar kənd məktəbi olur. O məktəb ki, binası belə olmur. Bir neçə ay belə rejimlə işləmək çətin olsa da, ona yaxşı təcrübə qazandırdığını deyir.

Müsahibimiz Lerik rayon Orand kənd tam orta məktəbinin tarix müəllimi Günel Hümmətovadır.

Bildirək ki, Günel Bakıda anadan olub. Orta və ali təhsilini Bakıda şəhərində alıb. Ancaq hazırda ucqar kənddə müəllim kimi çalışır.

- Müəllimlik üzrə təhsil alsanız da, universiteti bitirəndən sonra 5 il başqa sahədə çalışıbsınız. Tarix müəllimliyi üzrə təhsil almaq öz seçiminiz deyildi?

- Universitetə qəbul olanda, 17 yaşım var idi. O qədər məqsədli olmasam da, filologiya və tarixi sevirdim. Ona görə də seçim zamanı ilk 5 yerdə ancaq bunları yazmışdım. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul oldum və təhsil aldım. Müəllim olmaq niyyətim var idi, ancaq universiteti bitirdikdən sonra necə oldusa, başqa sahəyə yönəldim. Hardasa 5 il müəllimlikdən kənar sahədə fəaliyyət göstərdim, ancaq sonra müəllim kimi çalışmaq qərarı verdim. Həmin 5 ilə vaxt itkisi kimi baxıram. O mənada ki, gərək müəllimlikdən uzaq düşməzdim.

- Niyə uzaqlaşmışdınız, müəllimliklə bağlı tərəddüdləriniz var idi?

- Bəli, tərəddüdlərim var idi, "bacarmayacağam", "səbrim çatmayacaq", "öyrədə bilməyəcəyəm" deyirdim. Lakin bir zaman gəldi və mən öz qardaşımı universitetə hazırlaşdırmalı oldum. Təkcə tarixdən deyil, onun qrupunda olan bütün fənlərdən hazırlaşdırdım. Qəbula az qalmış hər fəndən ixtisas müəlliminin yanına da getdi, ancaq uzun müddət mən hazırladım. Səbirlə, həvəslə bu işi görürdüm. Nəticə gözəl idi, o, Bakı Mühəndislik Universitetinə qəbul oldu. Gördüm ki, bu işi bacarıram. Digər tərəfdən, əmim qızı da tarix fakültəsini bitirmişdi. Müəllimlərin işə qəbul imtahanında iştirak etdi və qəbul oldu. Bu da mənə bir az motivasiya verdi. Beləcə, çox qısa zamanda müəllimlərin işə qəbul imtahanına hazırlaşıb imtahan verdim və qəbul oldum.

- Müəllim kimi ilk iş yeriniz indi çalışdığınız məktəbdir. Bölgə məktəbində çalışmaq istəyirdiniz?

- Müəllim kimi çalışmaq qərarı verəndə, müəllimlərin işə qəbul imtahanına az vaxt qalmışdı. Dedim ki, hansı məktəbə qəbul olsam, işləyəcəyəm. Bu sahədə bir yerdən başlamalı idim. Əslində, imtahan verəndə fikirləşirdim ki, Bakı məktəblərinə qəbul olacağam. Çünki sınaq imtahanlarında yüksək nəticə göstərirdim. Bu il Bakıda yer sayı az idi və məndən yüksək bal toplayanlar da oldu deyə, paytaxt məktəblərinə düşmədim. Hazırlaşmağa daha tez başlasaydım, imtahanda yüksək nəticə göstərərdim. Lakin heç təəssüflənmirəm. Yaxşı ki o məktəbə düşmüşəm. Bir neçə ay ərzində orda yığdığım təcrübəni Bakıda yəqin ki, o zaman kəsiyində əldə edə bilməzdim.

- Bakıda böyüyən, burda təhsil alan gənc region məktəbində işləməyə getdi. İlk təəssüratınız necə oldu?

- İlk dəfə valideynlərimlə birgə getdim. Biz getməmişdən öncə 3 gün yağış yağmışdı. Şəhərdən kəndə gedəndə yolun yarısından sonra asfalt yox idi və biz palçığa batmışdıq. Məktəb binası olmadığını, kəndə qaz çəkilmədiyini bilirdik, yolun yarısından sonra da palçığa batdıq. Atam dedi ki, şəhər uşağısan, burda bacarmayacaqsan, gəl qayıdaq. Ancaq mən qərarlı idim, ona görə qayıtmaq fikrinə düşmədim. Direktora zəng vurduq, gəlib bizi apardılar. Qalacağım evdə yerləşdim. Məktəb direktoru və qaldığım ev sakinləri mənə çox dəstək oldular. Onlara çox təşəkkür edirəm. Sonra dərsə getdim, uşaqların maraqlı baxışları məni ora doğmalaşdırdı. Həmişə onlara deyirəm ki, birinci müəlliminizəm, sonra dostunuz. Səmimi bir münasibət qurduq və işləməyə davam etdik.

- Siz getdiyinizdə məktəbin binası yox idi, açılışı yeni oldu. Dərsi harda keçirdiniz?

- Mən sentyabr ayında o məktəbə getdim. Oktyabr ayının əvvəli artıq məktəb binası hazır idi. Sadəcə açılışı dekabrın 19-u oldu. Həmin vaxta qədər dərsi evlərdə keçirdik. İki ev var idi, dərsi orda keçirdik. Biri qaldığım evin yaxınlığında, biri isə bir təpənin başında idi. Elə olurdu ki, birinci dərsi bir evdə, ikinci dərsi başqa evdə keçirdik. Quraqlıq havada heç bir problem yox idi. Amma qar yağanda dəhşət olurdu. O təpəni çox çətinliklə qalxıb-düşürdük. Şagirdlər mənə çox kömək edirdilər. Biri gəlib çantamı götürürdü, bir sağ əlimdən, biri sol əlimdən tutub o təpəyə qaldırırdılar. Onlara xüsusi təşəkkür edirəm.

- Belə hallarda ucqar kəndə işləmək üçün getdiyinizə görə peşman olurdunuz?

- Mən iradəli biriyəm, ona görə, o çətinliklər də məni həvəsdən salmadı. Heç vaxt peşman olmamışam. Çətinliyim bircə yolla bağlı idi, o da motivasiyanı öldürəcək dərəcə böyük məsələ deyil.