Qoşqar Təhməzli: Azərbaycanın sərhəd ərazilərində idxal nəzarəti məntəqələri yaradılacaq


Digərləri 17 Yan 2020 11:33:00 125 0

Qoşqar Təhməzli: Azərbaycanın sərhəd ərazilərində idxal nəzarəti məntəqələri yaradılacaq

Heyvan xəstəlikləri və bitki zərərvericilərinin qarşısını almaq məqsədilə sərhəd ərazilərdə idxal nəzarəti məntəqələri yaradılacaq

Bakı. İlhamə İsabalayeva - Heyvan xəstəlikləri və bitki zərərvericilərinin qarşısını almaq məqsədilə sərhəd ərazilərdə idxal nəzarəti məntəqələri yaradılacaq. Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib. Onun sözlərinə görə, 2019-cu il ərzində Avropa İttifaqı tərəfindən fındıq məhsullarının 10 dəfə idxaldan imtina halı müşahidə edilib. Q.Təhməzli bildirib ki, 2017-ci ildən 2018-ci ilin iyul ayına qədər isə bu cür imtina hallarının sayı 36 olub. Bundan başqa, ötən il ərzində Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə 45 əməliyyat keçirilib, 83 ton təhlükəli qida məhsulu aşkarlanaraq dövriyyəyə daxil olmasının qarşısı alınıb, 20 cinayət işi açılıb. İdxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi, ölkə ərazisinə heyvan xəstəlikləri və bitki zərərvericilərinin yayılmasının qarşısını almaq məqsədilə sərhəd ərazilərə yaxın yerlərdə idxal nəzarəti məntəqələrinin yaradılması ilə bağlı layihələndirmə işlərinə başlanıb. 2020-ci ilin Dövlət İnvestisiya Proqramına uyğun olaraq 2 məntəqənin tikintisinə başlanacaq. Dünya Bankının “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində müfəttişlər üçün 110 yoxlama çantası və 110 ədəd mikrokameraların satınalınması həyata keçirilib.