Bomboş amerikan şossesinin qorxulu romantikası, köhnə soyuducunun buzlağının sirləri...


Digərləri 16 Yan 2020 18:31:00 145 0

Bomboş amerikan şossesinin qorxulu romantikası, köhnə soyuducunun buzlağının sirləri...

Elçin Alıoğlu yazır

"Mon ami, məsləhət görürəm ki, baxasınız. Peşman olmazsınız".

62 yaşlı Bernarı 30 ildən artıqdır tanıyıram. İndi BFM-də çalışır, məşhur jurnalistdir. Eyni zamanda sinefildir, özü dediyi kimi. Təxəllüslə kinotənqidçilik də edir.

"Love, Death & Robots" serialını məsləhət gördü. 18 seriyası nümayiş olunub "Netflix"də.

Adətən, animasiya seriallarına baxmıram və onları da sevmirəm.

Düşündüm ki, heç nə olmaz, Bernarın qəlbini qırmayım, 10 dəqiqə sərf edim, yetər.

Olmadı, çünki 18 seriyanın hamısına baxdım.

Dalbadal, sanki birnəfəsə.

Antologiya stilində olan bu serial elmi fantastikanı, kiberpankı, fentezini, qorxu filmini, trilleri, qara yumoru özündə birləşdirib.

Serialın prodüserləri Devid Finçer, Tim Miller, Coşua Donen və Cennifer Millerdir.

Hər seriyanı müxtəlif ölkələrdəki komandalar və studiyalar çəkiblər. Sadəcə, "Buz dövrü" seriyasında aktyorlar Meri Elizabet Uinsted və Tofer Qreüys çəkiliblər. Yerdə qalan seriyalar animasiyadır.

Devid Finçerlə Tim Miller deyəsən, "Heavy Metal" jurnalından ruhlanaraq tam on il səbr edəndən sonra işə başlayıblar.

Dediyim kimi, 18 seriyanın hamısına dalbadal baxdım.

50 illik yaşamımda ilk dəfə idi.

Hər seriya, daha doğrusu, hər animasiyalı kinonovella keyfiyyətlidir, fərqli vizuallaşma və stilistik gerçəkləşmə metodikasına əsaslanır.

Serial cəlb edir adamı. Dünyanı ələ keçirən yoqurt barədə əhvalat sonsuz, ürək donduran kosmosla əvəzlənir.

Stimpank, kiberpank, bomboş amerikan şossesinin qorxulu romantikası, köhnə soyuducunun buzlağının sirləri, balalaykalı sovet əsgərlərinin vəhşətlə döyüşü.

Üstəlik, robotlar.