Hamının sevdiyi, ancaq oğlunun arxa çevirdiyi əfsanəvi diktorun həyat hekayəsi… FOTO


Digərləri 12 Yan 2020 15:33:00 109 0

Hamının sevdiyi, ancaq oğlunun arxa çevirdiyi əfsanəvi diktorun həyat hekayəsi…  FOTO

Onun qeyri-rəsmi titulları rəsmi titullarından daha çoxdur. SSRİ xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı İqor Kirillov yaddaşlara "mərkəzi televiziyanın ulduzu", "Kremlin diktoru", "SSRİ-nin parlaq siması" kimi də həkk olunub. 

30 ildən artıq bir müddətdə SSRİ vətəndaşları ölkədə və dünyada baş verən hadisələri məhz onun təqdimatında eşidib, neçə onilliklərboyu ölkənin ali orqanlarının, Mərkəzi Komitənin, SSRİ Ali Soveti Rəyasət Heyətinin, SSRİ Nazirlər Sovetinin qəbul etdiyi rəsmi sənədləri "Vremya" xəbərlər proqramında səsləndirməyi İqor Kirillova həvalə ediblər.

Ənənəvi 1 May, 9 May, 7 Noyabr bayramlarında Qızıl meydanda keçirilən bayram təntənələrində onun səsləndirdiyi şüarlar bayram ovqatına xüsusi rəng qatıb. Bəli, əfsanəvi diktor İqor Kirillovun səsi hər yerdən eşidilib.

Son.az musavat.com-a istinadən bildirir ki, əslində, o, heç vaxt diktor olacağı haqqında düşünməyib. 1932-ci ildə Moskvada anadan olan İqor Kirillov məktəb illərindən rejissor olmaq arzusu ilə yaşayıb. Orta təhsilini başa vurduqdan sonra o, sənədlərini Ümumittifaq Dövlət Kinematoqrafiya institutuna verib. Amma onu rejissorluq fakültəsinə qəbul etməyiblər və aktyorluq fakültəsində oxumağı məsləhət biliblər. İqor Kirillov bu institutda bir il oxuyub. Növbəti il o, Şepkina adına Ali Teatr Məktəbinə daxil olub və oranı əla qiymətlərlə bitirib.

İqor Kirillov institutu bitirdikdən sonr onun təyinatı Tacikistana verilib. Çox qapılar döydükdən sonra o, bu təyinatını dəyişə bilib. Gənc aktyorun ailəli olması nəzərə alınaraq onu Moskva vilayətinin ucqar rayonlarından birində fəaliyyət göstərən teatra göndəriblər. Heç bir perspektivi görünməyən bu iş yeri Kirillovun ürəyincə olmayıb və o, bütün imkanlardan istifadə edərək mərkəzə gəlmək üçün mümkün cəhdlərə əl atıb.

Nəhayət, 1957-ci ildə İqor Kirillov televiziyada özünə kiçik bir vəzifə tapa bilib. Rejissor köməkçisi, ədəbi işçi kimi fəaliyyətə başlayıb. İki ay keçməmiş televiziya üçün diktorların seçim müsabiqəsi keçiriləndə İqor Kirillov da özünü bu müsabiqədə sınamağa qərar verib və qalib olub.

Beləliklə, 27 sentyabr 1957-ci ildə İqor Kirillov ilk dəfə efirdə görünüb. O, bu tarixi özünün ikinci doğum tarixi adlandırıb və elə bu gün də həmin tarixi əlamətdar bir gün kimi qeyd edir.

İqor Kirillov 30 ildən artıq bir müddətdə "Vremya" xəbərlər proqramının əsas aparıcılarından biri olub. Bununla yanaşı o, bir sıra populyar verilişlərdə də aparıcılıq edib.

1990-cı illərin sonlarından bu günə qədər İqor Kirillov Birinci kanalda diktor-məsləhətçi kimi fəaliyyətini davam etdirir. Bununla yanaşı o, dublyaj studiyalarında mətnlər səsləndirir, həmçinin ayrı-ayrı televiziya kanallarında anonsların təqdim olunmasında məsləhətçi, həm də diktor kimi iştirak edir.

Professor İqor Kirillov eyni zamanda elmi yaradıcılıqla da məşğul olur, o, bir sıra təhsil ocaqlarında mühazirələr oxuyur.

İqor Kirillov harada işləməsinə, hansı kollektivdə olmasına baxmayaraq həmişə yüksək mədəniyyəti, intellekti, xoş münasibəti ilə fərqlənib. Milyonların sevgisini qazanan diktorun siyasi elita arasında da böyük nüfuzu olub. 

Konfliktlərdən uzaq olan, heç bir qalmaqallı hadisədə adı hallanmayan İqor Kirillov həyatında yalnız bir nəfərlə, doğma oğlu ilə xoşagəlməz münasibətdə olub.