AMEAda yeni kadr təyinatları:


Digərləri 09 Yan 2020 19:52:00 156 0

AMEAda yeni kadr təyinatları:

Yanvarın 9-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan Son.az-a verilən məlumata görə, iclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq bildirib ki, son vaxtlar rəhbərlik etdiyi qurumda bir sıra mühüm elmi və elmi-təşkilati istiqamətləri əhatə edən islahatlara start verilib.

İslahatların başlıca strateji hədəfi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən və ölkənin sosial-iqtisadi inkişafına yönələn dövlət siyasətinə uyğun olaraq Azərbaycan elmini müasir standartlar səviyyəsində inkişaf etdirməkdir.

Akademik Ramiz Mehdiyev qeyd edib ki, Akademiyanın 28 dekabr 2019-cu il tarixində keçirilən Ümumi yığıncağında "AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı"nın təsdiq olunması, bu qurumun Nizamnaməsinə bir sıra əlavə və dəyişikliklərin edilməsi, AMEA Rəyasət Heyətinin yeni tərkibinin müəyyənləşdirilməsi bu istiqamətdəki islahatların mühüm tərkib hissəsini təşkil edir.

Elmi fəaliyyət sahəsində islahatların bundan sonra da ardıcıl olaraq davam etdiriləcəyini vurğulayan akademik Ramiz Mehdiyev bu gün Rəyasət Heyətinin gündəliyinə çıxarılan əsas məsələlərin AMEA-nın Ümumi yığıncağının qəbul etdiyi qərarların icrasından irəli gəldiyini qeyd edib. O, Akademiyanın strukturunun təkmilləşdirilməsi, müasir elmi prioritetlərin müəyyənləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, dövlətin həyata keçirdiyi siyasətin reallaşdırılması, xüsusən qeyri-neft sektorunun inkişafında elmin rolunun daha da artırılması istiqamətində qarşıda mühüm vəzifələrin dayandığını bildirib.

Sonra AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov gündəlikdə yer alan "AMEA Rəyasət Heyətinin üzvləri arasında vəzifə bölgüsü" ilə bağlı çıxış edərək bildirib ki, AMEA-nın 28 dekabr 2019-cu il tarixli iclasında AMEA Rəyasət Heyətinin 11 nəfərdən ibarət yeni tərkibi təsdiq edilmişdir. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyəti üzvləri arasında yeni vəzifə bölgüsünün müəyyənləşdirilməsi və müvafiq qərarın qəbul edilməsi zərurəti meydana çıxmışdır.

Sonra AMEA-nın akademik-katibi Əminağa Sadıqov Rəyasət Heyətinin üzvləri arasında vəzifə bölgüsü layihəsi ilə iclas iştirakçılarını tanış edib. Layihə müzakirə olunduqdan sonra Rəyasət Heyəti üzvləri tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla qəbul edilib.

AMEA-nın akademik-katibi gündəlikdəki ikinci məsələ, "AMEA Rəyasət Heyəti aparatının strukturu haqqında" qərar layihəsini diqqətə çatdırıb. Bildirib ki, Rəyasət Heyəti aparatının strukturu və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə Komissiya yaradılıb və hazırlanmış təkliflər AMEA-nın prezidentinə təqdim edilib. Təkliflər əsasında Rəyasət Heyəti aparatının yeni strukturunun layihəsi hazırlanıb.

Əminağa Sadıqov iclas iştirakçılarını layihə ilə tanış edib, məsələ müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.