Kürdili adasının son sakininin son müsahibəsi: “Bütün əzizlərimi burada itirdim, burada öləcəyəm” FOTO


Digərləri 07 Yan 2020 20:04:00 149 0

Kürdili adasının son sakininin son müsahibəsi: “Bütün əzizlərimi burada itirdim, burada öləcəyəm”  FOTO

Gecə Kürdili adasının son sakini Vitali Proninin ölüm xəbəri yayıldı. 

1952-ci il yanvarın 1-də dünyaya gələn Vitali Aleksandroviç Pronin bu dünyadan elə Yeni təqvim ilinin ilk günlərində köçdü. 

O, bənzərsiz bir tale yaşadı. Neftçala şəhərindən 33 km, Bakıdan isə 150 km cənubda yerləşən, Azərbaycanın sahəsinə görə ən böyük adasının tək sakini olaraq da dünyadan köçdü. 

Son.az oxu.az-a istinadən "Kürdili" adasının tək sakini olan Vitali Proninin bir neçə həftə əvvəl verdiyi son müsahibəsini təqdim edir: 

- Neçə vaxtdır burada yaşayırsınız?

- Burada doğulmuşam. Burada böyümüşəm. Burada sevib, burada itirmişəm.

- Ailənizdən heç kim yoxdur?

- Yox, niyə yoxdur ki?! Biz ailədə beş uşaq olmuşuq. Qardaşlarımdan böyüyü Belqradda, kiçiyi  Moskvada yaşayır. Bacılarım da ölkə xaricindədirlər. Onlar yayda yanıma gəlir. İndi belə olmasına baxmayın, yayda bura cənnət olur.

- Amma bu gün burada sizdən başqa heç kim yoxdur.

- 1988-ci ildə Neftçalandan bura gələn yolu su basdı və uçqun oldu. Su bütün yolları yuyub apardı. Kurkosa (Kürdili adasına kənd sakinləri belə deyirdi) əvvəl belə atılmış, vahiməli olmayıb. Kənd soveti,  bağça, kitabxana, məktəb, poçt, qəbiristanlıq suyun altında qaldı.  İnsan doğulub, boya-başa çatdığı yerlərin dağıldığını, xatirələrinin yox olduğunu görəndə mənəvi olaraq yıxılır.

- Bəs siz niyə getmirsiniz?

- Mən valideynlərimi burada dəfn etmişəm. Onları qoyub gedə bilmərəm. Bir neçə gün əvvələ qədər hətta yaşadığım ev də qalırdı. Güclü yağış evin damını uçurdu. Mən də bacımgilin evinə keçdim. Burada cəmi 6-7 ev qalıb. Hamısının da qapısı bağlıdır. Məndə bir bu evin, bir də ata evimin açarı var.

- Bu evlərin sahibləri gəlib-gedirlər? Onlara da siz baxırsınız?

- Eləsi var, yayda gəlir, maraqlanıb gedir. Eləsi də var unudub. Mən öz evimə baxıram, düzəldə bildiyimi düzəldirəm. Dağılan isə dağılır.

- Gündəlik nə iş görürsünüz?

- Dənizdə, həyətdə iş çoxdur. Başımı qatıram. Külək olmayanda katerlə Neftçalaya gedirəm. Özümə görə yemək, içmək, siqaret alıram.

- Qaz yox, işıq yox. Üşümürsünüz?

- Mən öyrəşmişəm bu havaya. Üşümürəm. Ocaq qalayıram, yeməyi də orada bişirirəm. Yumurta yeyirəm, kartof qızardıram. Dənizə çıxanda balıq tuturam. Ən çox balıq yeyirəm (gülür). Generatorlar var, lazım olanda qoşuram. İçəridə paltarlarım, kurtkam var.

- Arada yanınıza gəlib-gedən insanları çıxsaq, 31 ilə yaxındır tək yaşayırsınız. Texnologiyalardan, insanlardan uzaq... Bu səssizlik sizi qorxutmur?

- Mən çox danışan deyiləm. Həmişə yoldaşımla dərdləşərdim. Allah bizə övlad nəsib etmədi. 2008-ci ildə dərd sirdaşımı itirdim. Onun bütün qohumları Rusiyada yaşayır. Anam, atam vəfat edəndən sonra isə daha da özümə qapandım. Bacılarım hər gələndə deyirlər ki, gedək, çıx buradan. Amma mən getmirəm. Maşınların çoxluğu, insanlar, səs-küy məni yorur. Sakitlik istəyirəm. Özümə lazım olanda gedirəm. Adanın hər tərəfi sudur, kimdən, nədən qorxacam?  Belə baxanda hamı məndən qorxur (gülür).