Ağ Şəhərdə əhəmiyyətli piyada keçidi və yolayırıcı açılır


Digərləri 16 Dek 2019 12:21:00 135 0

Ağ Şəhərdə əhəmiyyətli piyada keçidi və yolayırıcı açılır

Ağ Şəhərin yeni Mərkəzi Bulvar küçəsi gələcəkdə inşaası nəzərdə tutulan Bulvar yoluna birləşir.

Bakı. Ağ Şəhərin yeni Mərkəzi Bulvar küçəsi şimalda Xəqani Rüstəmov küçəsindəki dairədən başlayıb Nobel prospektini kəsərək, gələcəkdə inşaası nəzərdə tutulan Bulvar yoluna birləşir. Trend-in məlumatına görə, eni 37 metr, uzunluğu 2 km-ə yaxın 4 zolaqlı Mərkəzi Bulvar küçəsi ilə Nobel prospektinin kəsişməsində avtomobillərin, piyadaların və velosipedçilərin mütəşəkkil hərəkətini təmin etmək üçün xüsusi yolayrıcı layihəsi işlənilib, həyata keçirilir. Bu yolayrıcında piyada və velosipedçilərin üstünlüyünü qeyd edən zolaqlar və yol nişanları, qoruyucu tumbalar nəzərdə tutulub. Şəhər sakinlərinin əlavə rahatlığı üçün Bakı Ağ Şəhər Baş Planında uyğun olaraq Nobel prospekti boyunca uzanan eni 20 metrədək olan yaşıllaşdırılmış piyada zolağında həmçinin ikitərəfli velosiped yolunun salınması da nəzərdə tutulmuşdur. Qərbdə Nobel prospektinə açılan London memarlıq üslubunda layihələndirilmiş möhtəşəm Knighstbridge Residence kompleksi və şərqdə böyük park kompleksinin arasında yerləşən yolayrıcı vasitəsilə avtomobillər Nobel prospektindən Ağ Şəhər kvartallarına daha bir keçid əldə edirlər. Mərkəzi Bulvar küçəsinin tamamlanması istiqamətində işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Eyni zamanda yol boyu Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” xidməti, Azərsu ASC, Azərişıq ASC, Azəriqaz İB, Delta Telekom və UlTel MMC tərəfindən yerüstü və yeraltı infrastruktur işləri - arabalar üçün panduslar, qoruyucu tumbaların, videokameraların quraşdırılması, su təchizatı, kanalizasiya və yağış suları sistemləri, qaz təminatı boruları, elektrik xətləri və İT kanal sistemləri çəkilməsi təmin edilib.