Almaniya televiziyası erməni mafiyasının fəaliyyətinə dair yeni məlumatlar yayıb


Dünya 12 Dek 2019 15:39:00 143 0

Almaniya televiziyası erməni mafiyasının fəaliyyətinə dair yeni məlumatlar yayıb

Almaniyanın MDR ictimai televiziyası bu ölkədə erməni mafiyasının fəaliyyətinə dair yeni məlumatlar yayıb və sənədli film efirə verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, müəllifləri Aksel Hemmerlinq (Axel Hemmerling) və Lüdviq Kendzia (Lüdwig Kendzia) olan məlumatlarda müxtəlif illərdə Türinqen federal torpağının Veymar, Erfurt və Ayxsfeld şəhərlərində erməni mafiyasının iştirakı ilə baş vermiş silahlı qarşıdurmalar, habelə müxtəlif mafiya klanları arasındakı uzunmüddətli münaqişələrdən bəhs olunur. Qeyd olunur ki, Almaniyanın müxtəlif regionlarının yerli hüquq-mühafizə orqanlarının 58 000 səhifəlik sənədlərinin araşdırılması nəticəsində sözügedən silahlı qarşıdurmaların bir-birindən ayrı cinayət hadisələri deyil, mafiya klanları arasında uzun müddətdən bəri davam edən "müharibələrin" təzahürləri olduğu məlum olub.

Sözügedən atışmalarda müxtəlif mafiya başçılarının iştirakının müəyyən edildiyi, Berlin və Şərqi Almaniyada yerləşən erməni mafiya qruplarının Belçika və Fransadakı "qanuni oğrular" tərəfindən idarə olunduğu, post-sovet məkanında (Rusiya, Ermənistan, Gürcüstan, Ukrayna) fəaliyyət göstərən tanınmış "qanuni oğrular"ın vasitəçilik səyləri ilə erməni mafiya qruplarının cəlb olunduğu münaqişələrdə nisbi "sülhə" nail olunduğu qeyd olunur.

Erməni mafiya klanlarının iştirakı ilə 2013 və 2014-cü illərdə müvafiq olaraq Veymar və Erfurt şəhərlərində baş vermiş insidentlərin kökündə milyonlarla avro dəyərində olan avtomobil biznesi, eləcə də Almaniyadan Polşaya daşınan oğurluq avtomobillərin orada hissələrə bölünməsindən sonra yenidən Almaniyaya gətirilərək satılmasına nəzarət uğrunda gedən mübarizənin dayandığı göstərilir.

Ayxsfeld şəhərindəki hadisələr isə 20 ildən artıq bu şəhərdə yaşayan və Almaniya, Fransa, Belçika və Ermənistanda geniş qohumluq əlaqələrinə malik bir erməni sülaləsinin daxilində olan qarşıdurmaların nəticələri kimi təqdim olunur. Ailədaxili çəkişmələrin hələ 2005-ci ildə ölümlə nəticələnən qanlı toqquşmalarla başlandığı, 2017 və 2018-ci illərdə yenidən qanlı toqquşmalarla müşayiət edildiyi, polis tərəfindən bununla bağlı bir neçə əməliyyatın keçirildiyi və həbslərin baş tutduğu vurğulanır. Hüquq-mühafizə orqanlarının daxili sənədlərinə istinadən bildirilir ki, sözügedən ailə Belçika və Almaniya arasında avtomobil ticarətini həyata keçirir və Almaniyanın Türinqen, Saksoniya və Saksoniya-Anhalt federal torpaqlarına gətirilən avtomobillərin içində qanunsuz olaraq narkotik maddələrin keçirildiyinə dair dəlillər mövcuddur. Klan üzvlərinin spirtli içkilərin qeyri-qanuni ticarəti ilə məşğul olduqları da bildirilir. Ayxsfelddə mövcud olan mafiya klanının 2013-2014-cü illərdə Veymar və Erfurtdakı silahlı qarşıdurmalarda iştirak edən mafiya klanları ilə əlaqəli olmadığı və tam müstəqil fəaliyyət göstərdiyi bildirilir.

27.11.2019 tarixində efirə getmiş "Almaniyada xaç ataları: erməni mafiyası və qanuni oğrular" başlıqlı sənədli filmdə (https://www.mdr.de/tv/programm/video-359496_zc-12fce4ab_zs-6102e94c.html) mütəşəkkil cinayətkarlığın "qanuni oğru" modelinin mahiyyəti və quruluşu barədə məlumat verilir, Almaniyada və Avropada bu tip mafiya quruluşuna malik olan erməni cinayətkar dəstələrdən bəhs olunur. Filmdə Almaniyada erməni mafiyasına qarşı həyata keçirilmiş FATİL əməliyyatı barədə məlumat verilir, Almaniyadakı erməni mafiyasının İtaliya mafiyası ilə "biznes" (saxta pul əskinazları, narkotik maddələrin ticarəti) əlaqələrinə dair faktlar təqdim olunur, yaxınlarda İspaniyada da erməni mafiyasına qarşı böyük əməliyyatın həyata keçirildiyi qeyd edilir, erməni mafiya klanlarında güclü iyerarxiyanın olduğu və bu şəbəkələrin qanunsuz miqrasiya yolu ilə daim genişləndirildiyi bildirilir.

Filmdə həmçinin Ermənistanın on illərdən bəri korrupsiya ölkəsi və kleptokratiya olduğu, erməni mafiya başçılarının Ermənistanın keçmiş hakimiyyəti ilə əlaqəli olduqları və yeni hakimiyyətin "qanuni oğrulara" qarşı müharibə elan etdiyi bildirilir.