AHİK-də Ulu Öndərin xatirəsi anılıb (FOTO)


Digərləri 11 Dek 2019 17:49:00 136 0

AHİK-də Ulu Öndərin xatirəsi anılıb (FOTO)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Bakı. Dekabrın 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Trend-ə verilən məlumata görə, tədbirdə AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək bildirib ki, öz xalqı, Vətəni üçün çoxlarının görə bilmədiyi işləri görən, ölkəsinin gələcək inkişaf yollarını düzgün müəyyən edən və cəmiyyəti bu yolun düzgünlüyünə inandıra bilən H.Əliyevin xidmətləri yalnız öz xalqının xilaskarı sayılan tarixi şəxsiyyətlərin xidmətləri ilə müqayisə oluna bilər. Ən başlıcası odur ki, ümummilli lider müdrik rəhbər kimi hər bir azərbaycanlını müstəqilliyimizin qədrini bilməyə, onu göz bəbəyi kimi qorumağa və yaşatmağa istiqamətləndirə bilmişdir. Azərbaycan Həmkarlar İttifaqlarının möhkəmləndirilməsində, sıralarının genişləndirilməsində, vətəndaş cəmiyyətində özünə layiq yer tutmasında ulu öndərin tutduğu mövqe bizə yaxşı məlumdur. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra AHİK-in mütəxəssisləri tərəfindən həmkarlar ittifaqlarının yerini və statusunu dəqiq müəyyənləşdirən qanun layihəsi hazırlanmış və təsdiq üçün Milli Məclisə təqdim edilmişdir. Ulu öndərin xeyir-duası və tam dəstəyi ilə AHİK-in işləyib hazırladığı layihə əsasında həmkarlar ittifaqlarının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar ittifaqı təcrübəsinə tam əsaslanan «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının 24 fevral 1994-cü il tarixli Qanunu qəbul edilmişdir. Ulu öndərin yaxından köməkliyi ilə Azərbaycan Həmkarlar İttifaqlarının bütün təşkilatlarının, müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, onun birbaşa köməkliyi ilə həmkarlar ittifaqlarının vəsaiti hesabına bir sıra mədəniyyət, sağlamlıq-müalicə obyektləri və idman qurğuları tikilib əməkçilərin istifadəsinə verilmişdir. Azərbaycan həmkarlar ittifaqlarının keçirdiyi bütün tədbirlərə diqqət və qayğı ilə yanaşan ümummilli lider H.Əliyev AHİK-in I və II qurultaylarına təbrik məktubu ünvanlamışdır. Ulu öndərin AHİK-in qurultaylarında iştirak edən beynəlxalq və xarici ölkə həmkarlar ittifaqlarının rəhbərləri ilə görüşündə respublika həmkarlar ittifaqlarına, o cümlədən AHİK-ə yüksək qiymət verməsi, onların fəaliyyətinin genişləndirilməsi üçün mühüm addımlar atılacağını bildirməsi və bu görüşlərdən birində özünün də həmkarlar ittifaqının üzvü olduğunu və müntəzəm olaraq üzvlük haqqını ödədiyini iftixarla söyləməsi ulu öndərin həmkarlar ittifaqına olan ən böyük inamı idi. S. Möhbalıyev deyib ki, Həmkarlar ittifaqlarına doğma münasibəti ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq davamçısı ölkə Prezidenti İlham Əliyev cənablarından da görürük. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təkliflərinin hökumət və şəxsən hörmətli Prezidentimiz tərəfindən daim müdafiə olunması bunun bariz nümunəsidir. Əhalinin sağlamlığının qorunması, bütün kateqoriyalardan olan insanların əməkhaqlarının, pensiyalarının, eləcə də işsizliyə görə müavinətlərin həcminin artırılması ilə əlaqədar verilən təkliflərin, demək olar ki, çoxusu qəbul olunmuşdur. «Həmkarlar ittifaqları haqqında» Qanuna, Əmək və İnzibati Xətalar Məcəllələrinə edilən bir sıra dəyişiklik və əlavələr cəmiyyətdə həmkarlar ittifaqının rolu və statusunun daha da artmasına, onun maliyyə vəziyyətinin möhkəmlənməsinə şərait yaratmışdır.