“Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar başladı (FOTO)


Digərləri 09 Dek 2019 11:53:00 106 0

“Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar başladı (FOTO)

Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar öz işinə başlayıb.

Bakı. Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar öz işinə başlayıb. Trend-in məlumatına görə, açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadə çıxış edib. AQTA sədrinin müavini bildirib ki, bu gün yeni iqtisadi şəraitdə müasir dövrün çağırışlarına uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi, dövlət idarəçiliyində, iqtisadiyyatın bütün sahələrində böyük əzm və qətiyyətlə aparılan islahatlar, ölkəmizin nəhəng regional layihələrin həyata keçirilməsində artan rolu sənayenin, kənd təsərrüfatının yüksəlişinə, sahibkarlığın inkişafına şərait yaradıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda qida təhlükəsizliyi, heyvan sağlamlığı və bitki sağlamlığı sahəsində idarəetmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və səmərəliliyin aparılması üçün son illərdə ciddi institusional və qanunvericilik islahatları həyata keçirilib. Bütün bunlarla yanaşı, sanitar, fitosanitar və baytarlıq normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir. AQTA sədrinin müavini Rüfət Rüstəmzadə bildirib ki, “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində təşkil olunan bu beynəlxalq seminar qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılmasına köməklik göstərməklə müasir standartlara cavab verən, rəqabətə davamlı, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyacına uyğun yüksək keyfiyyətli, təhlükəsiz qida məhsullarının istehsalına və ticarət dövriyyəsinin daha da artırılmasına öz töhfəsini verəcək.