Balıq yağını qida əlavəsi kimi qəbul edəkmi?


Digərləri 08 Dek 2019 20:40:00 125 0

Balıq yağını qida əlavəsi kimi qəbul edəkmi?

Dərman, daha doğrusu qida əlavə kimi çox geniş istifadə olunan balıq yağının faydalı xüsusiyyətlərinin olmadığı məlum olub.

Son.az e-tibb.az-a istinadən bildirir ki, Britaniyada nəşr olunan "British Journal of Psychiatry"də balıq yağının faydalı xüsusiyyətlərinin olmadığını ortaya qoyan məqalə dərc olunub.

Alimlər hesab edir ki, bu əlavələrin balıq yağının bütün faydalı xüsusiyyətlərini özündə əks etdirməsi barədə deyilənlər sadəcə, reklamdır.

Məqalədə bildirilir ki, əlavənin istifadəsi ilə bədəndə hansı dəyişikliklərin baş verdiyini aydınlaşdırmaq üçün 30 klinik tədqiqat zamanı əldə edilən məlumatlar təhlil edilib.

Tədqiqatda izlənilən 41.500 yetkinlik yaşında olan şəxsdən 30%-i depressiyadan və ya artan narahatlıqdan əziyyət çəkirmiş. İştirakçılar qruplara bölünüb.

Bəziləri altı ay ərzində Omega-3 yağ turşuları olan qida əlavəsi, bəziləri isə Omega-3-lə zəngin olan qoz-fındıq və yağlı dəniz balıqları yeyiblər.

Bir neçə ay sonra, alimlər əlavə  yağ qəbul edən xəstələrdə heç bir ciddi dəyişiklik baş vermədiyi, bəzi iştirakçılarda narahatlıq simptomunun keçmədiyi qənaətinə gəliblər.

Qidalanma üzrə mütəxəssislər bildirir ki, dərmanlar kimi, balıq yağı da  mütəxəssis tərəfindən təyin edilməlidir. Qan laxtalanması zəif gedən və antikoagulyant dərman qəbul edən insanlar üçün balıq yağının qəbulu qəti qadağandır.

Pankreatit və xolesistit varsa,  mütəxəssislə məsləhətləşməlisiniz. Yanlış qəbul edilərsə, mədə və bağırsaqların əks reaksiyası mümkündür. Yəni ürək bulanması, başgicəllənmə və ishalla qarşılaşa bilərsiniz.