MDB mediası Bakıda keçirilən “Sərhədsiz incəsənət” beynəlxalq seminarından yazıb (FOTO)


Digərləri 05 Dek 2019 19:50:00 139 0

MDB mediası Bakıda keçirilən “Sərhədsiz incəsənət” beynəlxalq seminarından yazıb (FOTO)

MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar keçirilib.

Bakı. MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar keçirilib. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, 25-28 noyabr tarixində reallaşdırılan layihənin ideyası muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin maksimal rahat qavrayışı üçün uyğunlaşdırmaq məqsədilə dünyanın aparıcı muzeylərinin təcrübəsinin öyrənilməsi zamanı meydana gəlib. Seminarda MDB ölkələrinin aparıcı muzeyləri, ali təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri, QHT və xeyriyyə fondları, əlil icmaları və s. təşkilatların 40-dan artıq nümayəndəsi iştirak edib. Tədbir beynəlxalq aləmdə geniş rezonans doğurub, MDB ölkələrinin müxtəlif media orqanlarında materiallar yayımlanıb. Belarus Dövlət Universiteti Beynəlxalq münasibətlər fakültəsinin rəsmi saytında (https://fir.bsu.by/ru/news/news-2019-12-03-02) “Sərhədsiz incəsənət” seminarına dair məqalə dərc olunub. Məqalədə qeyd edilir ki, seminarın nəticəsi olaraq kor və görmə qabiliyyəti zəif olan turistlər, kar və eşitmə qabiliyyəti zəif olan turistlər, hərəkət məhdudiyyəti olan turistlərlə ekskursiya işinin xüsusiyyətləri sahəsində nəzəri baza genişləndirilib. Xüsusi ehtiyacı olan turistlərlə ekskursiya işinin metodologiyasına həsr olunmuş Belarus Dövlət Universitetinin Beynəlxalq turizm kafedrasının elmi tədqiqat işlərinin yeni istiqamətlərinin müəyyən olunması barədə məlumat verilib. Daha sonra kafedranın kollektivi tədbirin təşkilatçılarına - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Azərbaycan Milli İncəsənət Muzeyinə təşəkkürünü bildirib. Bakı seminarı barədə Beynəlxalq Muzeylər Şurasının (International Council of Museums - İCOM) rəsmi saytı da material yayımlayıb (http://icom-russia.com/data/events/itogi-mezhdunarodnogo-seminara-iskusstvo-bez-granits/).