Elyar Makuyi: İnterneti bloklamaq İran dövlətinə ciddi ziyan vurdu


Dünya 03 Dek 2019 22:12:00 112 0

Elyar Makuyi: İnterneti bloklamaq İran dövlətinə ciddi ziyan vurdu

Amnesty International təşkilatının bildirdiyinə görə, İranda noyabrın 15-də başlanan kütləvi etirazlar zamanı əksəriyyəti məmurların açdığı atəş nəticəsində olmaqla, azı 143 silahsız insan öldürülüb. Beynəlxalq qurum bildirir ki, İran hakimiyyəti internet bağlantısını qapadaraq bu cinayətləri gizlətməyə çalışıb.

Milli fəal Elyar Makuyi Amerikanın Səsi ilə söhbətdə İranda baş verənlərlə bağlı xəbər əldə etməyin keçmişə nəzərən olduqca çətinləşdiyini şərh edib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, 2018 yanvar ayındakı aksiyalarda İran hakimiyyəti Telegramı qapatdı. İnstagramın sürətini azaltdı. Ancaq, biz Gmail ya başqa platformalar vasitəsilə irtibatda ola bilirdik. Lakin bu dəfə, tamamını qapatdılar.

"İnternetin kəsildiyi günlərdə təəssüflə xəbər axışı keçmişdəki kimi olmadı. Təbii ki, telefon vasitəsilə bir sıra bilgiləri əldə edirdik, amma bu bilgilər bizə ümumi olaraq ölkənin durumunu açıqlaya bilmirdi," türk fəal söyləyir.

Onun dediklərinə görə, "İran interneti kəsdiyi günlərdə milli internet adlandırdığı şəbəkəni açıq tutmuşdu və serverləri İranda olan saytlar və xəbər agentlikləri çalışmaqdaydı. Onların yaydığı xəbərlərin 50 faizdən çoxu yalan xəbərlər idi. Amma bir az da əhalinin etimadını qazanmağa çalışırdılar və o xəbərlərdə etiraf edirlər ki, etirazlar ilk 5 gündə şiddətlə davam edib."

Elyar Makuyi İran Azərbaycanında etiraz aksiyalarının daha çox Urmiyə və Təbrizdə təşkil olunduğunu önə çəkir:

"Güney Azərbaycanın şəhərlərində etirazlar ən çox ilk iki-üç gündə oldu. Kiçik şəhərlərdə, məsələn Xoyda, rejim məmurları elə ilk gündə dərhal vurub bəzi dostları nəzarət altına alıb, basdırmağa çalışmışdı. Ancaq böyük şəhərlərimizdə davam etdirildi. Ən çox etiraz Təbriz və Urmiyədə oldu."