Dəm qazı niyə can alır?


Digərləri 03 Dek 2019 20:20:00 121 0

Dəm qazı niyə can alır?

Havaların soyuması ilə əlaqədar dəm qazından zəhərlənənlərin sayı artıb. Son 1 ayın statistikasına nəzər salanda insan dəhşətə gəlir. Qaz yenə can aldı başlıqlı xəbərlər insanları bir az da olsa məsuliyyətə cəlb etmədkənsə, ölüm hadisələrini bir-birinin boynuna yıxmaqdan başqa bir nəticə vermir. Maraqlısı isə abonentlərin bu zəhərlənmələri qazın keyfiyyətsiz olmasında, rəsmi qurumlar isə burada gühahın əhalinin təhlükəsizlik tədbirlərinə düzgün raiyət etməməsində görür.

Son.az ölkə.az-a istinadən bildirir ki, Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımovun fikrincə, boğulmalar əsasən abonentlərin təhlükəsizlik qaydalarına əməl etməməsindən yaşanır.

"Biz xalq olaraq, istiyə meyilliyik. Soyuq olan kimi bütün qapı-pəncərəni bağlayırıq, havalandırmaya çox da fikir vermirik. Beləliklə də atmosferlə təmas tamam pozulur. Əmələ gələn dəm qazı tədricən yığılaraq, zəhərli qaza çevrilir. Fikir verirsinizsə, belə hallar əsasən kənd yerlərində, bir mərtəbəli həyət evlərində baş verir. 

Qış ayları gəldikdə, mütləq müasir isitmə cihazlarından istifadə etmək lazımdır. Baxın, hər bir elektrik cihazının bir istismar müddəti var. Bu 4 gözlü sobalarda 20 il, elektrik su qızdırıcılarında isə 10 ildir. Bu müddət bitdikdən sonra mütləq bu cihazlar dəyişdirilməlidir. İmkanı çatan insanlar bu cihazları çıxarır yenisi ilə əvəzləyir. İmkansız insanlar da ucuz qiymətə bu istismarı bitmiş cihazları alıb, evlərində quraşdırırlar. Bu da sonda faciəvi şəkildə ölümlə nəticələnir".

N.Qasımov bu prosesin necə təhlükəli olduğunu da izah edib.

"Məsələn, 1 kubmetr qazın yanması üçün, 9.5 kubmetr hava lazımdır. Burada hava konsentrasiyası cihazlarda əmələ gəlir. Əgər bu isitmə cihazlarında hər hansı bir nasazlıq olarsa, burada hava konsentrasiyası pozulur və bu səbəbdən də ayrılmalı olan Karbon 4 oksid yox, Karbon 2 oksid ayrılır. Deməli, el dili ilə desək, zəhərsiz qaz ayrılmaqdansa, zəhərli qaz yaranır. Karbon 2 oksid də çox zəhərli qazdır. Onunla insana 7 dəqiqə nəfəs alması kifayətdir ki, zəhərlənsin. Bunu da insanların çoxu bilmir. Biz daimi bu sahədə maarifləndirmə aparırıq. Çox təəsüf ki, bu hər zaman işə yaramır, yetərincə bizim verdiyimiz təhlükəsizlik qaydalarına əməl edilmir".

Ekspert  əhali arasında gəzən "Qazın yaxşı təmizlənməməsi, keyfiyyətinin aşağı olması" söz-söhbətinə də aydınlıq gətirib. O, bildirib ki: "Mən bu məsələyə birmənalı şəkildə yanaşıram. Onlar öz məsuliyyətsizliyindən əmələ gələn xoşagəlməz nəticələri başqalarının üzərinə yıxmağa çalışırlar. Bir sıra insanlar isə deyir ki, qaz zəhərlidir. Əsasını bilmədən, heç bir sübutu olmadan boş ittihamlar səsləndirirlər. Mən rəsmi surətdə bəyan edirəm ki, qazın tərkibində heç bir zəhərli maddə yoxdur.

"Gəlin məsələyə bu aspektdən yanaşsaq, belə hadisələrdə tez-tez baş verir. Qarajda avtomobili qızınmaq üçün işə salırlar. Bir neçə saat keçəndən sonra isə adamlar ölüb. Onda belə çıxır ki, benzinə də zəhər qatırlar. Yaxud keçmiş zamanlarda evdə ocağı kömürlə yandırardılar. Uşaqlara da tapşırırdılar ki, ocağa çox yaxın getməyin sizi dəm qazı vurar. Onda belə çıxır ki, kömürə də zəhər qatıblar. Bunun səbəbi çox bəsitdir. 

Bu dəm qazı karbohidrogenlərin yanması nəticəsində əmələ gələn qeyri-natamam yanmanın məhsuludur.  Bu da insanı zəhərləyib, öldürür. Əgər qaz zəhərli olsaydı, onda gərək ölüm hadisələri kütləvi şəkildə ölərdı.

Qoy məndən xalq inciməsin. Bu dəm qazından boğulmalar insanların etinadsızlığından, məsuliyyətsizliyindən irəli gəlir. Qazdan istifadə qaydalarından xəbərsizdirlər". 

Ekspert bu hadisələrin qarşısını almaq üçün görülən təhlükəsizlik qaydalarından da danışıb:

"Mən dəfələrlə müsahibələrimdə demişəm ki, vanna otağının sahəsinin ölçüsü 7.5 kub metrdən balaca olmamalıdır. Hündürlüyü ən azından 2.5 metr olmalıdır. Bu adi təhlükəsizlik qaydalarıdır. Qapının aşağısında mütləq dəliklər olmalıdır ki, çöldən gələn təmiz hava ilə vanna otağındakı hava təmizlənsin. Bundan sonra hamam otağının qapısı mütləq çölə açılmalıdır. Dəm qazı tutan adamın huşu itməmiş, çölə çıxa bilsin. Təsəvvür edin,  zəhərlənən insan qapını açmaq istəsə və o içəri açılırsa yıxılacaq qapının arxasına və onu xilas emək çətinləşəcək, bəlkə də mümkün olmayacaq. Bundan əlavə vanna otağının mütləq nəfəsliyi olmalıdır ki, içəridə ki hava ilə çöldəki hava ilə təmas etsin. Bu zaman içəridəki hava zəhərli maddələrdən təmizlənir. 1 saat ərzində vanna və mətbəx otaqlarının  havası mütləq 3 dəfə dəyişilməlidir".