Azərbaycana xeyli sayda yeni model təyyarələr daxil olacaq


Digərləri 03 Dek 2019 12:42:00 148 0

Azərbaycana xeyli sayda yeni model təyyarələr daxil olacaq

3 dekabr 2019-cu il, Bakı - Azərbaycan Milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi proqramı ilə əlaqədar donanmasında təyyarə sayını xeyli artırmağı planlaşdırır.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, xüsusilə, AZAL-ın gələcək planlarına "Boeing" və "Airbus" kimi aparıcı istehsalçılardan 20-dən artıq yeni nəsil təyyarənin əldə edilməsi daxildir.

"Boeing" korporasiyası ilə iki ədəd "Boeing 777" geniş füzelyajlı təyyarənin alınması ilə bağlı razılıq artıq imzalanmışdır. Bu laynerlər Azərbaycan Milli aviadaşıyıcısının donanmasında yeni model təyyarə olacaq. Yeni hava gəmilərinin 2021-2022-ci illərdə "Azərbaycan Hava Yolları"nın uzaq məsafəli yeni istiqamətlərində istifadə olunacağı gözlənilir.

"Biz "Boeing" korporasiyası ilə münasibətlərimizi daha da inkişaf etdirməyi planlaşdırırıq, həmçinin səkkiz ədəd "Boeing 787 Dreamliner" və üç ədəd "Boeing 777" təyyarəsini əldə etmək imkanlarını da nəzərdən keçiririk. Bu qərar uzaq məsafəli uçuşlarımızın coğrafiyasını genişləndirməyə imkan yaradacaq", - AZAL prezidenti Cahangir Əsgərov bildirmişdir.

Sözügedən hava gəmilərinin əldə edilməsi ilə bağlı məsələlər Cahangir Əsgərovun aviakorporasiyanın Sietldəki baş ofisinə işgüzar səfəri çərçivəsində "Boeing"in prezidenti ilə müzakirə olunacaq.