Azərbaycanda yəhudiyə niyə heykəl qoyublar?


Digərləri 03 Dek 2019 12:05:00 159 0

Azərbaycanda yəhudiyə niyə heykəl qoyublar?

Bu yaxınlarda Bakıda Azərbaycanın milliyyətcə yəhudi Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılmış heykəlin açılış mərasimi keçirilib. Mərasimdə ölkənin hərbi-siyasi sahəsini təmsil edən rəsmilər, deputatlar, yəhudi icmasının üzvləri və sadə insanlar iştirk edib.

Müsəlman aləmində yəhudi qəhrəmana heykəl ucaltmış ilk ölkələrdən biridir Azərbaycan. Son zamanlar barbarların yəhudilərə məxsus abidələri dağıtdığı, təhqir etdiyi haqda xəbərlər tez-tez eşidilir. Azərbaycanda isə yəhudilər də daxil olmaqla, bütün etnik azlıqlara hörmət edilir, mehriban münasibət göstərilir. Bu, əvvəllər də belə olub, idi də belədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə alovlanıb. O zaman Azərbaycanda yaşayan yəhudilər də daxil olmaqla, müxtəlif etnik azlıqların nümayəndələri doğma vətən uğrunda könüllü olaraq mübarizə aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Onlardan biri də Albert Aqarunovdur. Tank döyüşünü mükəmməl bilən Aqarunov vətənpərvərliyi, cəsarətilə fərqlənən döyüşçülərdən olub.

Albert Aqarunov doğulduğu torpaq uğrunda döyüşməyin vacib olduğunu düşünürdü. Məhz bu üzdən o, müharibə başlar-başlamaz, könüllü olaraq cəbhəyə yollanmışdı. Albert müharibədə düşmənin çox sayda canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi.

Bir müddət sonra o, tank komandiri təyin edilir və Şuşaya (bu gün bu şəhər Ermənistan silahlı qüvvələrinin işğalı altındadır) göndərilir. 1992-ci il mayın 8-i səhər komandir Ağababa Qasımovun əmrilə Albert Aqarunov Şuşada son döyüşünə çıxır. Həmin döyüşün qısa xülasəsində yazılıb ki, "tank bölməsinin komandiri Albert Aqarunov Ağababa Qasımovla birgə əsas tankla böyük məharətlə manevr etdikdən sonra atəş mövqeyinə çıxdı və düşmən tankına atəş açdı".

Onlar tezliklə düşmənin ikinci tankını da məhv edirlər. Amma Aqarunov manevr zamanı həyatını itirmiş silahdaşlarının ətrafa səpələnmiş cəsədlərini görür. Bu zaman o, tankdan düşərək, sükan arxasında oturmuş şəxsə həlak olmuş silahdaşlarının üzərindən keçməməsi üçün yol göstərir və... erməni snayperi tərəfindən vurulur.

Albert Aqarunovun ölümündən sonra azərbaycanlı əsgərlər zirehli texnikaların üzərinə "Albert" yazmışdılar.

Azərbaycan prezidentinin 1992-ci il 7 iyun tarixli, 833 saylı fərmanı ilə Albert Aqarunov ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. O, Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.

Albert Aqarunovun təhsil aldığı 154 saylı orta məktəbə onun adı verilib, burada onun büstü qoyulub. Albertin adı yəhudilərin sıx yaşadığı Qırmızı qəsəbədə də əbədiləşdirilib.