“Azərbaycan Könüllülük Həftəsi”nə “Şəhidimiz” kampaniyası ilə start verilib


Digərləri 02 Dek 2019 19:23:00 152 0

“Azərbaycan Könüllülük Həftəsi”nə “Şəhidimiz” kampaniyası ilə start verilib

“Şəhidimiz” kampaniyası çərçivəsində respublikanın 17 şəhər və rayonunda ümumilikdə 147 şəhid ailəsi gənclər tərəfindən ziyarət edilərək, onlarla həmrəylik nümayiş olunub.

Bakı. Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi”nə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Şəhidimiz” kampaniyası ilə start verilib. Trend-in məlumatına görə, “Şəhidimiz” kampaniyası çərçivəsində respublikanın 17 şəhər və rayonunda ümumilikdə 147 şəhid ailəsi gənclər tərəfindən ziyarət edilərək, onlarla həmrəylik nümayiş olunub. Bu çərçivədə Gənc Könüllülər, ASAN Könüllülər, RİİB Könüllüləri, BİR Tələbə-Könüllülər, Aqrar İnkişaf Könüllüləri, KOB Könüllüləri, Miqrasiya Könüllüləri və digər hərəkatları təmsil edən gənclər rayon və şəhər Şəhidlər Xiyabanlarını ziyarət edib, daha sonra şəhid olan soydaşlarımızın ailələrinə baş çəkib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. Ümumilikdə, 2 gün ərzində kampaniyaya 2 mindən artıq gənc qoşulmuşdur. Xatırladırıq ki, “Şəhidimiz” kampaniyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral tarixində gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gəncin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində başlanılmışdır. Ənənəvi olaraq, gənclər “Şəhidimiz” devizi ilə bayramlarda və əlamətdar günlərdə şəhid ailələrini ziyarət edirlər.