İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfinə dəyişiklik təklif olunur (ÖZƏL)


Digərləri 02 Dek 2019 19:30:00 134 0

İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfinə dəyişiklik təklif olunur (ÖZƏL)

"Tibbi sığorta haqqında" Qanunun xidmətlər zərfi ilə bağlı müddəalarına da müvafiq dəyişikliklərin edilməsi təklif olunub.

Bakı. İlhamə İsabalayeva – "Tibbi sığorta haqqında" Qanunun xidmətlər zərfi ilə bağlı müddəalarına müvafiq dəyişikliklərin edilməsi təklif olunub. İcbari Tibbi Sığorta Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, təkliflərə əsasən, xidmətlər zərfi artıq baza və əlavə hissələrdən ibarət olmayacaq. Belə ki, zərf vahid toplu şəklində ambulator-poliklinika və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edəcək. Qanuna təklif olunan bu dəyişikliklər də hazırda Milli Məclisin payız sessiyasında müzakirə olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu (xidmətlər zərfi) hazırlanıb. Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir. Mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları və onlardan istifadə şərtləri, tibbi xidmətlərin tarifləri, müştərək maliyyələşmə məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.