“Azerbaijan Digital Hub” proqramı ilə Azərbaycan Regional Rəqəmsal Mərkəzə çevriləcək (FOTO)


Digərləri 02 Dek 2019 11:36:00 124 0

“Azerbaijan Digital Hub” proqramı ilə Azərbaycan Regional Rəqəmsal Mərkəzə çevriləcək (FOTO)

“Bakcell” şirkətinin törəmə müəssisəsi - magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramı icra edilir.

Bakı. Son 25 il ərzində Azərbaycan mühüm inkişaf yolu keçərək regionun enerji və nəqliyyat mərkəzinə çevrilib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü siyasət, reallaşdırılan iri infrastruktur layihələri, bu siyasətin hazırda cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, bütün sahələrdə aparılan islahatlar Azərbaycanın dayanıqlı inkişafa nail olması ilə nəticələnib və hazırda ölkəmiz regionun lider dövlətidir. Hazırda dünya dördüncü sənaye inqilabına (Sənaye 4.0) qədəm qoyub. Sənaye 4.0 bizdən dəyişikliklərə daha çevik reaksiya verməyi, innovasiyaları həyatımızın bütün sahələrində tətbiq etməyi tələb edir. Sənaye 4.0 qarşımızda inanılmaz imkanlar açır, cəmiyyətlər və dövlətlərə rəqəmsal transformasiya imkanları təqdim edir. Sənaye 4.0 şəraitində Azərbaycanın qarşısında da mühüm imkanlar açılır. Bu gün Azərbaycanın özünün əlverişli coğrafi mövqeyi, sahib olduğu enerji və nəqliyyat mərkəzləri statusu və potensialından istifadə etməklə ətraf regionlar üçün həm də Regional Rəqəmsal Mərkəzə çevrilmək imkanı vardır. Məhz bütün bu məqamları və xüsusilə də ölkə başçısı cənab İlham Əliyevin İKT sektorunun dayanıqlı inkişafı istiqamətində məqsədyönlü siyasətini əsas tutaraq hazırda Azərbaycan iqtisadiyyatının özəl sektorunda ən böyük şirkətlərdən olan “Bakcell” şirkətinin törəmə müəssisəsi - magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramı icra edilir. Bu proqram nəzərdə tutur ki, Azərbaycan Avropa və Asiya arasında Regional Rəqəmsal Mərkəzə çevrilsin və Qafqaz, MDB, Yaxın Şərq, Orta və Cənubi Asiya və digər ətraf region dövlətlərinin (dünya əhalisinin 1\4-i və ya 1.8 milyard əhali) internet və müxtəlif rəqəmsal xidmətlərə olan ehtiyacını daha yaxşı təmin etsin. Bakı şəhəri dünyanın internet xəritəsinə əlavə edilsin və Amsterdam, Frankfurt, Sofiya, London, İstanbul, Dubay kimi İnternet Mübadilə Mərkəzinə (IXP – Internet Exchange Point) çevrilsin. “Azerbaijan Digital Hub” proqramı ümumilikdə 3 mərhələdən ibarətdir və son nəticədə rəqəmsal ekosistemin formalaşmasına töhfə verəcək. Proqramın birinci mərhələsi ölkə daxilində və xaricində iri infrastruktur quruculuğu layihələrinin icrasını, ikinci mərhələsi Bakının internet mübadilə mərkəzinə çevrilməsi və burada regional Data mərkəzin tikilməsini, üçüncü mərhələ isə rəqəmsal ekosistemin formalaşmasını nəzərdə tutur. Proqramın icrası yeni iş yerlərinin açılmasına, rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyatın formalaşmasına və bu istiqamətdə kiçik və orta biznesin inkişafına, yeni rəqəmsal məhsulların yaranması və “Made in Azerbaijan” brendi altında ixracına töhfə verəcək. Bütün bunlar isə son nəticədə ölkədə rəqəmsal ekosistemin formalaşmasına şərait yaradacaq. Xüsusilə, ilkin infrastruktur quruculuğu mərhələsindən sonra ikinci mərhələdə regionda ən böyük Data mərkəzin tikilməsi iri kontent provayderləri olan şirkətlərin (Amazon, Alibaba, Facebook, Google, Netflix, Tencent və s.) burada nümayəndəlikərini açması, məlumatları burada saxlaması və kontentin məhz buradan digər regionlara daşınmasına imkan verəcək. Proqramın icrası üçün iri infrastruktur layihələri icra edilir “Digital Hub” proqramı çərçivəsində artıq bir sıra işlər görülüb. Ölkə daxilində infrastruktur quruculuğu istiqamətində “AzerTelecom” Azərbaycan Dəmir Yolları QSC ilə birgə mövcud dəmir yollarının qorunma zolağı boyu magistral fiber-optik kabel xətlərinin tikintisi layihəsini icra edir ki, bu da ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, ölkə boyu yeni davamlı infrastrukturun formalaşmasına töhfə verəcək. Bu, həmçinin qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantılarının formalaşmasına, Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan müxtəlif beynəlxalq telekom operatorlarının infrastrukturlarının ölkəmizdə kəsişməsinə gətirib çıxardacaq. “AzerTelecom” proqram çərçivəsində ölkə xaricində infrastruktur quruculuğu istiqamətində isə Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib Transxəzər fiber-optik kabel xəttinin çəkilməsi layihəsini reallaşdırır. Magistral kabel xətti iki marşrut - Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan istiqamətlərində çəkiləcək. Artıq bu ilin 19 mart tarixində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilməsi ilə bağlı dövlətlərarası saziş imzalanıb. Azərbaycan-Türkmənistan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş isə 28 noyabr tarixində Türkmənistanın Aşqabad şəhərində baş tutmuş “Türkməntel 2019” - 12-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisi çərçivəsində imzalanıb. Dövlətlərarası sazişlərə əsasən, Azərbaycan-Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə uzunluğu 380-400 km olacaq magistral kabel xətti Azərbaycan tərəfdən “AzerTelecom” şirkəti, Qazaxıstan tərəfdən isə “KazTransCom” və “Transtelecom” şirkətləri tərəfindən çəkiləcək. Uzunluğu təqribən 300 km olacaq Azərbaycan-Türkmənistan marşrutunun operatorları isə Azərbaycan tərəfdən “AzerTelecom”, Türkmənistan tərəfdən isə “Türkməntelekom” telekommunikasiya operatorudur. Transxəzər fiber-optik kabel xətti Azərbaycandan keçməklə Avropa və Asiya qitələri arasında rəqəmsal dəhlizin - tarixi ipək yolunun üzərində yeni Rəqəmsal İpək Yolunun formalaşması, Qafqaz, Orta Asiya və Cənubi Asiya, Uzaq Şərq kimi regionların telekommunikasiya infrastrukturunun inkişafı və bu regionların Azərbaycan vasitəsilə internet və gələcəkdə müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsində mühüm rol oynayacaq.