Kino dahiləri dünyanı heyrətləndirir


Digərləri 01 Dek 2019 19:10:00 128 0

Kino dahiləri dünyanı heyrətləndirir

İkinci dünya müharibəsilə əlaqəli olmasına baxmayaraq müasir kinonun özülünü qoyan, peşəkarlıqla çəkilən bir sıra filmlərin sonrakı inkişaf dövrü ötən əsrin 40-cı illərindən başlamışdır. İlk növbədə çoxları üçün kino tarixində ən yaxşı kino mütəxəssisi sayılan Orson Vels və onun birinci filmi olan "Vətəndaş Keyn" ekran əsərindən danışmaq lazımdır. "Vətəndaş Keyn" necə film olub? O yaxşı filmdirmi? Onun kino dünyasına töhfəsi nədir? Bu ekran əsəri Çarlz Foster Keyn adlı mətbuat maqnatının yüksəliş və uğursuzluqlarından bəhs edir. Film o dövrdə populyar sayılan bir kinoxronika kimi başlayır və tamaşaçını baş qəhrəmanın ölümündə bir şahidə çevirir. Sonra bir müxbirin iştirakıyla baş qəhrəmanın tarixçəsini yavaş-yavaş bərpa edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Orson Vels 26 yaşında fotoqrafiya rejissoru Qreq Tolendin filmində iştirak edib. Onların kamerada geniş bucaqlı yeni linzalardan istifadə etmək qərarına gəlmişdilər. Hətta ekranda o zamana qədər görünməyən çəkilişdə məkanın, rakurs və istiqamətin seçmində yenilik etmişdilər. Yeni linzalar onlara kadrın dərinliyinə nəzarət etmək imkanı verirdi. Başqa sözlə, eyni zamanda öndə olan obyektlə arxada olan mənzərəni fokuslaya bilirdilər.

O.Velsin tətbiq etdiyi digər yenilik tavanı olan dekorasiyaların istifadəsi olub. Bu vaxta qədər Hollivudda tavanı olmayan dekorasiyalardan istifadə olunurdu. Ancaq tavansız dekorasiyalar daha yaxşı üsul sayılan işıqlandırma sisteminin qurulmasına imkan verirdi. Bunun mənfi cəhəti aşağıdan yuxarıya doğru kadrların götürülməsinin mümkün olmamasında idi. Yeniliklər sırasında qısa montaj, hərəkətdə olan qaldırıcı krandan istifadə və kadrın sonunda səsin get-gedə azalmasını qeyd etmək olar. O.Vels həmçinin hadisəni nəql edərkən fləşbəkdən də istifadə etmişdir. Ümumilikdə "Vətəndaş Keyn"dəki yeniliklər əslində ondan əvvəl də ayrı-ayrılıqda istifadə olunsa da möhtəşəm idi. O.Vels hadisəni təsvir edərkən sözügedən texnikaları bir-bilə əlaqələndirən ilk rejissor olub. Buna baxmayaraq "Vətəndaş Keyn" kassalarda uğur qazana bilməsə də kinonun sonrakı inkişafında böyük rol oynadı.

Yer kürəsinin əks tərəfində bu filmin antipodu sayılan rus rejissoru Sergey M. Eizenşteynin "İvan Qroznı" ekran əsəridir. Rusiyanın birinci çarı olan IV İvanın tərcümeyi-halı imkan verdi ki, bu istedadlı rejissor həyatında ən çox arzuladığı layihəni həyata keçirsin. Kinonu tamaşa kimi təqdim edən tendensiyalardan fərqli olaraq Eizenşteyn hər bir planı götürəndə onun bütün detallarına fikir verir, memarlığı rəssamlıqla, heykəltəraşlığı musiqi ilə uzlaşdırır, aktyorların oyununu vahid bir formada təqdim edirdi. Filmi trilogiyaya çevirmək istəyən rejissor məqsədinə çata bilmir. Onun birinci və ikinci hissəsini bitirsə də üçüncüyə başlamamış həyatını itirir. Ancaq rejissorun çəkdiyi filmdə ideya aydın idi.

Eizenşteynin üslubundan fərqli olan digər layihə Marsel Karnenin "Enfants du paradis" ekran əsəridir. Komediya aktyorları ilə cinayətkarlar arasında olan sevgi əhvalatlarından bəhs edən bu film çoxları tərəfindən Fransa kinosu tarixində ən yaxşı əsər hesab olunurdu. Özündə poetik realizm ünsürlərini daşıyan bu lentin çəkilişləri üç ilə tamamlanıb. Belə ki, filmi reallaşdırmaq üçün Fransanı XIX əsrə qaytarmaqdan ötrü milyonlar sərf edərək çoxlu sayda dekorasiyalar hazırlamaq lazım gəlib. Bu filmin premyerası Fransanın azad edilməsindən sonra nümayiş olunan ilk ekran əsəri idi.