Malmülkünü yoxsullara paylayan yazıçı:


Digərləri 01 Dek 2019 18:52:00 154 0

Malmülkünü yoxsullara paylayan yazıçı:

Lev Tolstoy Tula əyalətinin Yasnaya Polyana kəndində zəngin ailənin dördüncü övladı olaraq doğulmuşdu. Atası qraf, anası isə şahzadə idi. Atası Nikolay İliç, eyni zamanda Napoleonla savaşda iştirak etmiş keçmiş hərbçi idi. Tolstoy hələ üç yaşında olanda anasını itirmişdi. Anasının ölümündən sonra otuz altı yaşlı ata uşaqları bibilərinin qəyyumluğuna verdi.

Son.az Teleqraf.com-a istinadən rus yazıçı Lev Tolstoy haqda yazını təqdim edir.

Tolstoy səkkiz yaşına gələndə atası onların ciddi təhsillə məşğul olmasının vacibliyini düşünərək Moskvaya köçmək qərarı verdi. Moskvada keçən illərdə bibisi Tolstoy haqda "Bu uşaqda bir düha var, o, kiçik Molyerdir" demişdi.

Fransız dilində danışan modabaz

Gün keçdikcə Tolstoy özünü göstərməyə başladı. Doqquz yaşına gələndə isə atası bir cinayətin qurbanı oldu, səyahətlərin birində köləsi pul üçün onu zəhərlədi. Atasının ölümündən sonra nənəsi də çox yaşamadı, həyata gözlərini yumaraq uşaqları tamamilə bibilərinin ümidinə buraxdı. Bu hadisədən sonra Nikolay, Sergey Moskvada qaldı, Dmitri, Lev və Maşa isə kəndə geri qayıtdı.

Tolstoy on iki yaşınadək kənddə qaldı. Aleksandra bibisi öldükdən sonra qəyyumluq tamamilə Tatyana bibidə qaldı. O isə uşaqları ərinin yaşadığı Kazan şəhərinə apardı.

Bibisinin ərinin kobud davranışları Tolstoyun yaddaşında dərin izlər buraxdı və həyatına yeni bir istiqamət verdi. Yeniyetməlik yaşına girən Tolstoy bu illərdə fransız dilində danışan, dəbdəbəli geyinin bir modabaz idi.

Qərarsızlıq, ya da güc əksikliyi...

On beş yaşında Kazan Universitetinə daxil olsa da, yaxşı tələbə deyildi. Rəqs, qadın, əyləncə və içki düşkünü Tolstoy kursda qalaraq məktəbi buraxdı. On yeddi yaşında hüquq fakültəsinə girdi, lakin iki il sonra buranı da buraxdı. On doqquz yaşında Yasnaya Polyana kəndi Tolstoya miras qalmışdı.

İntizamlı bir məktəbdə təhsil ala bilməyəcəyini başa düşərək öz yolunu seçdi. "İnsan ancaq başqaları üçün işləyərək xoşbəxt ola bilər" düşüncəsiylə kəndlilərə kömək etmək məqsədilə Kazandan kəndə qayıtdı. Bir müddət burada təsərrüfat işləri ilə məşğul oldu, kəndlilərə kömək etdi.

Lakin sonradan Moskva və Sankt-Peterburq kimi hərəkətli şəhərlərə üz tutdu. Amma yenidən kəndə qayıdaraq bu qeyri-müəyyənliyini belə ifadə etdi: "Qərarsızlıq, ya da güc əksikliyi, öz-özünü aldatmaq, tələskənlik, yersiz utanmaq, qarışıqlıq, təqlidçilik, mürtədlik, düşüncəsizlik".

Ədəbiyyatla diriliş

İyirmi üç yaşında üzləşdiyi psixoloji sarsıntılardan xilas olmaq məqsədilə gözlənilməz bir qərarla Qafqaza zabit olan böyük qardaşının yanına gəldi və müsəlmanlara qarşı döyüşən rus birliklərinə qoşuldu. Burada qarşılaşdığı yoxsulluq və səfalət içində yaşayan insanlar Tolstoyun realizminin əsas mənbəyinə çevrildi.

Krım müharibəsində iştirak etməklə dünyagörüşü dəyişdi, həyat təcrübəsi fərqli yönə döndü.

İlk əsəri "Uşaqlıq"ı da müharibələr və əyləncələrdən sonra boş qalan vaxtlarında yazdı. Bura qədər olan həyatını yeni bir üslubda izah edən əsər dönəmin ən məşhur, Nikolay Nekrasovun təsisçiliyi ilə yayımlan ədəbiyyat jurnalı "Sovremennik"də "Uşaqlığımın tarixçəsi" adı, L.N. imzasıyla çap olundu və uğur qazandı.

Tənqidçilər əvvəllər kim tərəfindən yazıldığı məlum olmayan əsəri müsbət qarşıladı. Əsərin Tolstoya aid olduğunu öyrənən Nekrasov dönəmin məşhur yazıçılarına verilən qədər qonorarın ona da veriləcəyini dedi. Beləliklə, iyirmi üç yaşında yazdığı əsərlər dövrünün məşhur yazıçıları sırasında öz adını yazdırdı.

Qan və ölüm

Qafqazda üç il yaşadıqdan sonra Sevastopol savaşına qatıldı. Bu savaşda leytenant rütbəsi aldı. Burada "Savaş, mizraqlı, barabanlı bayram deyil, mənzərəsi qan və ölümdür" ifadəsinə yer verdiyi məşhur "Sevastopol" əsərini yazdı. Lakin müharibə vaxtı gördüyü dəhşətli mənzərələrə dözməyərək, ordudan ayrılıb Sankt-Peterburqa yerləşdi. Burada bir tərəfdə radikal demokrat olan Çernişevskinin, digər yanda liberal Turgenevin təmsil olunduğu iki ədəbi düşərgə ilə uzlaşmayaraq Yasnaya Polyanaya döndü.

İyirmi doqquz yaşında Avropaya gedərək bir müddət Almaniya, Fransa və İsveçrəni dolaşdı. Bu səyahət vaxtı kübar cəmiyyət və materializmin təsiri altına düşdü, habelə kəndlilərin təhsili ilə maraqlanmağa başladı. Təhsilin hər şagirdin öz şəxsi marağı və istiqamətinə görə verilməsinin vacib olduğunu düşünürdü.

Həm əxlaqlı, həm də qumarbaz

Yasnaya Polyanada sərbəst təlim-tərbiyə və təhsilin verildiyi bir kənd məktəbi açdı. Otuz iki yaşında yenidən Fransa, Almaniya və Belçikaya getdi. Bu ölkələrin təhsil sistemləri ilə yaxından tanış oldu. Bu araşdırmalarının nəticəsində Qərbin süni və maddi sivilizasiyasını insanı yoldan çıxaran amil kimi qəbul etməyə və bu fikirlərini yaymaq üçün pedaqoji jurnal nəşr etməyə başladı.

Sadə və asan anlaşılan dərs kitabları çap etdirdi. Həmin dövrdə əxlaq fəlsəfəsi də formalaşmağa başlamışdı. Qərbə bu düşüncələri aşıladığı bir dövrdə Avropa qumarxanalarında çoxlu pullar itirdi.

Rusiyaya qayıdanda təhkimçilik ləğv edilmişdi. O da öz bölgəsindəki keçmiş təhkimçilərlə torpaq sahibləri arasındakı anlaşılmazlığı ardadan qaldırmaq vəzifəsini üzərinə götürdü. Çarın əmrlərinə baxmayaraq, əvvəlki vəziyyəti qorumağa çalışan Tolstoyun aristokratlara münasibətləri pozuıldu, bundan sonra vəzifəsindən istefa verdi. Moskvaya gedərək qumar oynamağa başladı. Hətta bir qumar masasında borclanaraq hələ başa çatdırmadığı "Kazaklar"ı girov qoydu.

Bundan sonra getdikcə kəndlilərə daha da yaxınlaşmağa başladı. Bu dövrdə Turgenevlə mübahisədə onu duelə çağırdı. Lakin Turgenev bunu qəbul etmədi.

Həyatının qadını

Tolstoy otuz dörd yaşında Moskvada keçmiş həkim dostunun qızı Sofiya Anderyevna ilə evləndi. Arvadı özündən on altı yaş kiçik və mədəni bir qadındı. Tolstoy evləndikdən sonra qumar, içki, əyləncə və təhsil fəaliyyətindən uzaqlaşdı. Hər şeydən uzaqda sakit bir həyat yaşamağa başladı. Vaxtilə içki, qumar və əyyaşlıqdan zövq alan Tolstoy artıq tamam başqa istiqamətə yönəlmişdi. Arvadının öz üzərindəki təsiri haqda bunları demişdi: "Heç belə aşiq olacağımı düşünməmişdim. Mən bir dəliyəm, belə davam etsə, intihar edəcəyəm".

İlk on beş ili xoşbəxt keçən evlilikdən Tolstoyun on üç uşağı oldu.

Qarışıq və çalxantılı illərdən sonra sakit bir dönəmə girdi. Bu dövrdə sakit bir ailə başçısı və qənaətcil bir kəndli kimi təsərrüfatla məşğul olduğu halda, digər yandan ona ən böyük qazancları gətirəcək romanlarını yazırdı.