Təhsildə baş verən qlobal dəyişikliklərə kitabxanalar uyğunlaşırmı?


Digərləri 29 Noy 2019 14:00:00 116 0

Təhsildə baş verən qlobal dəyişikliklərə kitabxanalar uyğunlaşırmı?

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov müasir təhsil sistemində kitabxanaların hansı rolu oynaması ilə bağlı fikirlərini bölüşüb.

Bakı. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov müasir təhsil sistemində kitabxanaların hansı rolu oynaması ilə bağlı fikirlərini bölüşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş məqsədlərə nail olmaq baxımından kitabxanalar xüsusi əhəmiyyətə malikdir. Müasir universitet kitabxanasının inkişafı informasiya məkanında, təhsil sistemində və elmi kommunikasiyada baş verən dəyişikliklərin sürətinin artması ilə səciyyələnir. Ənənəvi təhsil formalarını şübhə altına alan yeni informasiya texnologiyaları, təhsil xidmətləri bazarında rəqabətin güclənməsi, elm və təhsilin qloballaşması, meqaelm layihələrinin yaranması müasir universitetlərin üzləşdiyi ciddi çağırışların yalnız bir hissəsidir. Təhsil mühitinin qlobal transformasiyası bir tərəfdən universitet kitabxanaları üçün ciddi problemlər yaradır, digər tərəfdən yeni-yeni inkişaf perspektivləri açır. Oxucunun harada olmasından asılı olmayaraq bilik artıq əlçatandır. Bilik əldə etmək üçün artıq universitetlər yeganə yer deyil. Təhsil sisteminin transformasiyası baş verir. Klassik universitet strukturu dəyişir. Ənənəvi fakültələr sahələrarası struktur vahidlərilə əvəz olunur.