Hindistanla idxal-ixrac əməliyyatlarının artırılması nəzərdən keçirilir


Digərləri 28 Noy 2019 19:19:00 145 0

Hindistanla idxal-ixrac əməliyyatlarının artırılması nəzərdən keçirilir

Dövlət Gömrük Komitəsinin sədri Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb.

Bakı. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq ilə görüşüb. DGK-dən Trend-ə verilən məlumata görə, S.Mehdiyev iki ölkənin iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrindən söhbət açaraq Azərbaycanın Hindistan ilə tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə iqtisadi təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatlar gömrük orqanlarının da dinamik və çevik inkişafına şərait yaradıb. Eyni zamanda, gömrük orqanları tərəfindən sahibkarlıq mühitinin yaxşılaşdırıldığı, qısa idxal bəyannamələrinin, risk analizlərinin və “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin mallar və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sürətləndirilməsinə təkan verdiyi qeyd edilib. S.Mehdiyev Azərbaycan və Hindistan arasında əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini, həmçinin ticarət əməkdaşlığının genişləndiyini, bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. Hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən də bəhs edən Komitə sədri əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. “Azərbaycan ilə Hindistan arasında ticarət dövriyyəsi bizi qane etməsə də, artan dinamika ilə inkişaf edir. Hesab edirəm ki, hər iki dövlətin potensialı - idxal-ixrac əməliyyatlarının həcminin artırılması ilə bağlı yetərincə potensialı var”, - deyə S.Mehdiyev onu da əlavə edib ki, Hindistan Gömrük Xidmətinin rəhbərliyi ilə aparılan ilkin danışıqlar nəticəsində gələcəkdə bu sahədə potensialın daha da ikişaf etdirilməsi istiqamətində görüşlər keçirmək qərara alınıb. Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, Azərbaycan və Hindistanın tarixi əlaqələrə malik olduğunu vurğulayıb.