Azərbaycanda intiharların qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı hazırlanacaq


Digərləri 26 Noy 2019 11:17:00 271 2

Azərbaycanda intiharların qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı hazırlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının (BMTİP) birgə əməkdaşlığı müstəvisində ölkəmizdə ilk dəfə olaraq, intiharların qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının keçirdiyi dəyirmi masada Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

A.Kərimov intiharların səbəbləri kimi, bu problemin həlli yollarının da müxtəlif olduğunu, əsas tədbirlər sırasında intihar üçün vasitə və alətlərin əldə olunmasının məhdudlaşdırıldığını deyib. O, intihar hallarının azalması üçün maarifləndirmə işlərinin, intihara cəhd edənlər üçün psixoloji dəstəyin, həmçinin psixi pozuntularla bağlı güclü sarsıntı yaşayanların psixiatr və psixoloqlara vaxtında müraciət etmələrinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, intihar hadisəsinin mediada qabarıq şəkildə təqdim edilməsi və intihar edən şəxsin az qala qəhrəman kimi təqdim edilməsi yolverilməzdir. Belə hallar intihara təşviqetmə kimi mənfi nəticəyə yönələ bilər, ona görə də mediada bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmalıdır.

Nazir müavini intihar hallarının qarşısını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində məqsədyönlü kompleks tədbirlərin görülməsinin önəmini vurğulayıb.