Yeni Quba-Xınalıq yolunun bir hissəsində yenidənqurma işləri tamamlanır (FOTO)


Digərləri 25 Noy 2019 09:08:59 312 0

Yeni Quba-Xınalıq yolunun bir hissəsində yenidənqurma işləri tamamlanır (FOTO)

Tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılır və artıq yükunlaşmaq üzrədir

Bakı. Təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 km uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranmışdı. Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir müddətdir start verilən tikinti işləri davam etdirilir. Tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılır və artıq yükunlaşmaq üzrədir. Quba-Susay-Xınalıq avtomobil yolunun bu hissəsinin uzunluğu 24 km təşkil edir. Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir. Tikinti layihəsinə uyğun olaraq yol yatağının deformasiyaya uğramış yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qruntla əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və yeni yol yatağı inşa edilib, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi işləri görülüb, yol profilə salınıb. Yol əsasının tikintisi üçün isə lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunub. Bunun ardınca yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü də döşənib. Bundan başqa Alpan-Kürkün-Susay avtomobil yolunda 1 düzbucaqlı su keçidi və 2 körpü də inşa edilib. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğundadir. Ümumilikdə yol boyu hazırda son tamamlanma işləri görülür. Layihənin növbəti mərhələsi üzrə Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin yoldan 4.8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işlərinə də start verilib. Hazırda sözügedən hissədə torpaq işləri görülür.