Xroniki pankreatit proqressivləşən xəstəlikdir


Digərləri 25 Noy 2019 07:35:00 306 0

Xroniki pankreatit proqressivləşən xəstəlikdir

Pankreatit mədəaltı vəzinin iltihabı xəstəliyi olub, pankreatik axarlarda vaxtından əvvəl aktivləşmiş pankreatik fermentlərin öz toxumasına göstərdiyi zədələyici təsirlə şərtlənir. Xroniki pankreatit isə proqressivləşən xəstəlikdir, kəskinləşmə və remissiya dövrlərinin növbələşməsi ilə səciyyələnir. Kəskin pankreatit, xroniki alkoqolizm, öd yollarının xəstəlikləri, xüsusilə də daşlı xolesistit, mədə və bağırsaqların xroniki xəstəlikləri, qarın boşluğu orqanlarına cərrahi müdaxilə, irsi meyillilik, bol yağlı, ətli qidaların qəbulu xroniki pankreatitin etioloji səbəbləri hesab olunur. Xəstəliyin patogenezinin əsasında mədəaltı vəz toxumasının degenerasiyası, skleroz, ekzokrin parenximanın reduksiyası, axarların dəyişikliyə uğraması və ardınca kalsifikasiyalaşması durur. Xəstəlik əsasən ağrı sindromu - epiqastral nahiyədə əmələ gələn və belə, qarnın sol yarısına yayılan ağrı, bədən çəkisinin azalması və dispeptik əlamətlər, yəni qəbizliklə növbələşən ishal, massiv pankreatik ishal ilə özünü büruzə verir.

Son.az bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Avtandil Verdiyev AZƏRTAC-a müsahibəsində məlumat verib.

Həkim-terapevt, həmçinin deyib: "Kliniki gedişinə görə, xroniki pankreatitin 4 əsas forması ayırd olunur. Latent və yaxud ağrısız forma uzun müddət heç bir klinik əlamət olmadan davam edir və daha çox xronik alkoqoliklərdə, mədə, bağırsaq, ödçıxarıcı yolların xəstəliyi olan şəxslərdə yaranır. Pəhrizin pozulması zamanı epiqastral nahiyədə köp, ağırlıq hissi, ürəkbulanma meydana çıxır.

Ağrılı forma epiqastral nahiyədə sol qabırğaaltında ağrıların olması, bir çox hallarda kəmərləyici xarakter daşıması, aylarla davam etməsi ilə səciyyələnir. Eyni zamanda, xəstələrdə iştahasızlıq, bədən çəkisinin azalması, ishal, meteorizm qeydə alınır.

Xroniki residivləşən pankreatitə təqribən 60 faiz hallarda rast gəlinir və gedişin dalğavarı olması ilə səciyyələnir - kəskinləşmə və remissiya dövrləri bir-birini əvəzləyir. Kəskinləşmə dövründə xroniki pankreatit üçün səciyyəvi olan əlamətlər kəskin nəzərə çarpır, remissiya dövründə isə sönükür.