Bu da Nissan Ariya Concept FOTO


Digərləri 24 Noy 2019 21:30:00 389 0

Bu da Nissan Ariya Concept  FOTO

Bu gün qapılarını media nümayəndələrinin üzünə açmış Tokyo avtosalonunda Nissan şirkəti Ariya adlı elektrik krossoverinin prototipini nümayiş etdirib. Yeni konsept yapon markasının elektrik avtomobillərinin dizayn üslubunu və müasir texnologiyalar sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirir.

Nissan konseptual krossover haqqında ətraflı məlumat verməyib. Şirkət daxilindəki mənbələr Nissan Ariya krossoverinin elektrokarlar üçün nəzərdə tutulmuş CMF-EV modul platformasında inşa edildiyini və Leaf elektrokarının təkmilləşdirilmiş elektrik güc qurğusu ilə təchiz edildiyini bildiriblər.

Son.az autograph.az-a istinadən bildirir ki, zahiri cəhətdən konsept iki il bundan öncə Tokyo avtosalonunda nümayiş etdirilmiş IMx konseptinə bənzəyir. Yeni konsept Nissan modellərinin tanınan cizgisinə çevrilmiş V-Motion radiator barmaqlığına, geniş qanadlara və nazik işıq texnikasına malikdir. Eyni sözləri avtomobilin minimalizm üslubunda dizayn edilmiş salonu haqqında da demək olar. Geniş məkan hissi aşılayan salonda bütün idarəetmə sensorlu displeydə cəmlənmişdir. Məlum məsələdir ki, konsept avtonomluğu təmin edən ProPilot 2.0 sistemi ilə təchiz edilib. Elektrik ötürməsi sayəsində rəvan döşəməyə malik olan salon beş sərnişinin rahatlıqla yerləşməsini təmin edir.

Güc qurğusuna gəldikdə isə, Nissan Ariya ön və arxa oxda yerləşdirilmiş iki elektromotor ilə hərəkətə gəlir. Bundan başqa, konsept hərəkət və hava şəraitinə uyğunlaşmağı təmin edən bir neçə hərəkət rejiminə malikdir. Ən əsası isə, Nissan mühəndisləri Leaf modelinin başlıca çatışmamazlığı olan batareyanın qızması halını aradan qaldırıblar. Elektrik krossoveri 100 km/saat həddinə beş saniyədən az müddətə sürətlənir və 483 km yürüş məsafəsinə malikdir.