Dənizçilər Londonda Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 31-ci sessiyasında iştirak edəcək (FOTO)


Digərləri 22 Noy 2019 16:34:00 327 0

Dənizçilər Londonda Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 31-ci sessiyasında iştirak edəcək (FOTO)

Dənizçilər Londonda Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 31-ci sessiyasında iştirak edəcək.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti baş qərargahı London şəhərində yerləşən BMT- nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) Assambleyasının 31-ci sessiyasında iştirak edəcək. Agentlikdən Trend-ə verilən məlumata görə, 25 noyabr-4 dekabr tarixlərində keçiriləcək sessiyada Assambleyanın prezidenti və vitse-prezidentləri seçiləcək, Assambleyanın prosedur qaydalarına təklif edilmiş dəyişikliklər nəzərdən keçiriləcək. Assambleyanın 30-cu sessiyasından sonrakı dövr ərzində təşkilatin işi ilə bağlı Şuranın hesabatı ilə yanaşı komitələrin də hesabatları müzakirə olunacaq. Assambleyanın 31-ci sessiyasında Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin Audit Sxemi, komitələrin hesabat və tövsiyələri nəzərdən keçiriləcək. “Dənizin çirkləndirilməsinin qarşısının alıması haqqında 1972-ci il tarixli Konvensiya” və “1996-cı il tarixli Protokol”la bağlı hesabat, Beynəlxalq dəniz təlim institutları: Dünya Dəniz Universiteti və Beynəlxalq Dəniz Hüququ İnstitutu haqqında hesabatlar dinləniləcək. Sessiyada həmçinin BMT və onun ixtisaslaşmış agentlikləri ilə, hökümətlərarası təşkilatlarla, qeyri-hökümət təşkilatları ilə əlaqələr müzakirə olunacaq. 2018 və 2019-cu illər üçün dünya dənizçilik günləri haqqında hesabat dinləniləcək.